Dekabrın 30-dan ağzını tikərək aclıq aksiyası keçirən biznesmen Nicad İbrahim aksiyanı dayandırıb. Bu barədə özü məlumat verib.
Nicad İbrahim intihar etməyə haqqının olmadığını, qızları üçün yaşamalı və mübarizə aparmalı olduğunu bildirib.
"Dostlar, ölüm aclığın dayandırdım! Həkim gəlib ağzımdakı tikişləri söküb. Bir neçə qurtum su içdim, dişlərimi fırçaladım. Sizin hamınıza təşəkkür edirəm, mənə dəstək oldunuz. İradəm və dözümüm çatırdı davam etməyə, amma səhhətim imkan vermədi. Özümü bilərəkdən öldürməyə haqqım yoxdur. Qızlarımı, sizləri üzmək istəmədim", - deyə N.İbrahim bildirib.
Başına gətirilən haqsızlıqlara etiraz olaraq dekabrın 30-da ağzını tikib ölüm aclığına başlayan Nicad İbrahim 11 gün aksiyanı davam etdirdi.
2008-ci ildə Anar Əliyev adında polis mayoru Nicad İbrahimi aldadaraq ondan külli miqdarda pul alıb. Sonra onu qaytarmamaq və əlavə olaraq üstündəki pulları götürmək üçün Nicad İbrahimi bir neçə polis güllələyib.
Uzun müddət xəstə yatan biznesmen müflis olub və bildirdiyinə görə, polislər və həkimlər onu hədələyərək məsələni ictimailəşdirməməyi tələb ediblər. Hadisə ilə bağlı cinayət işi açılıb. Amma rəsmi versiyaya görə, Nicad İbrahim özü özünü güllələyib.
Nicad ibrahim deyir ki, hələ də məhkəmə qərarının əslini əldə edə bilməyib.