28 Yanvar 2017
Mətni dəyiş
Yanvrın 27-si Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi - 2” üzrə prosesdə təqsirləndirilən şəxslərin ifadələri başlayıb.
Turan-ın məlumatına görə, işin fiqurantları “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 dindardır.
Xatırladaq ki, Elçin Qasımov 2015-ci il noyabrın 5-də inzibati qaydada 30 gün müddəyinə həbs olunub. Üç həftə sonra – ayın 26-da DİN Nardaranda xüsusi əməliyyat keçirib, “Müsəlman Birliyi” Hərəkatının 15-ə yaxın üzvünü, o cümlədən hərəkatın lideri Taleh Bağırzadəni həbs edib.
30 gün başa çatdıqda Qasımova qarşı hakimiyyəti ələ keçirməyə cəhd, terrorçuluq və s. ittihamlar irəli sürülüb. Analoji ittihamlarla daha 10 nəfəri – Ağa Yəhyayev, Mahir Qəhrəmanov, Seyfəddin Şirvanov, Ramil Əliyev, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seymur Aslanov, Əli Şahbazov, Əmirəli Əliyev və İsa İbrahimovu da həbs ediblər.
Bu gün Elçin Qasımov ittihamların uydurma və yalan olduğunu bildirib.
“Bizim silahmız olsaydı Qarabağı azad etməyə gedərdik və “Müsəlman Birliyi” Hərəkatı qanunsuz məqsədlərə xidmət etsəydi, qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməzdi”, deyə Qasımov bildirib.
O qeyd edib ki, 2015-ci il noyabrın 5-də onu Maştağa qəsəbəsində 14 saylı polis şöbəsinin yanından keçərkən saxlayıblar. Oradan Sabunçu rayon polis idarəsinə aparıblar və rəisin yanına aparıblar.
Qasımovu döyüblər, elektroşok aləti ilə işgəncə veriblər. Daha sonra protokol tərtib ediblər, məhkəmədə isə vəkilsiz polisə tabe olmamağa görə 30 gün müddətinə həbs ediblər.
Bundan sonra Qasımova qarşı cinayət işi açılıb və o, Kürdəxanı istintaq təcridxanasına göndərilib. Burada soyuq havada bütün gecə onu bayırda saxlayıblar.
14-24 dekabr tarixlərində Qasımov DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılıb, burada onu amansız işgəncələrə məruz qoyublar, Taleh Bağırzadəyə, AXCP lideri Əli Kərimliyə, Demokratik Qüvvələrin Milli Şurasına qarşı ifadələr verməyi tələb ediblər.
Qasımov yalnız ayın 21-də, polis onu atasını və ya qardaşını həbs etməklə hədələdikdə öz əleyhinə ifadə verib. Onu guya qaçmağa cəhd edərkən öldürməklə hədələyiblər.
Digər müttəhim Ağali Yəhyayev Sabunçu polisində işgəncələr haqqında danışıb, burada onu və digər məhbusları soyundurublar, bədənlərinə elektrik cərəyan veriblər, daha sonra yerdə sürüyüblər.
Təqsirləndirilən şəxsin sözlərinə görə, məhbusları boş kağızları imzalamağa məcbur ediblər.
Məhkəmə fevralın 3-də saat 14:00-da davam edəcək.