Müxalifət Məmməd Əmin Rəsulzadənin abidəsi önündə tədbir keçirib
31 Yanvar 2017
Mətni dəyiş
Qarlı, şaxtalı hava şəraitinə baxmayaraq, müxalifət partiya və hərəkat fəalları yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məmməd Əmin Rəsulzadənin (1918-1920-ci illər) abidəsi önündə anım tədbiri keçiriblər.
Turan-ın məlumatına görə, aksiya Bakının yaxınlığında Novxanı qəsəbəsində keçirilib və Rəsulzadənin anadan olmasının 133-cü ildönümünə həsr olunub.
Aksiya iştirakçıları M.Ə Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə azadlıq!” sözləri yazılmış şüarlar tutublar.
AXCP lideri Əli Kərimli qeyd edib ki, Rəsulzadənin demokratiya, insan hüquq və azadlıqları barəsində fikirləri bu gün də öz aktuallığını saxlayır.
Müsavat Partiyasının sədri Arif Hacılı deyib ki, onun rəhbərlik etdiyi təşkilat Rəsulzadə ideyalarına sadiqdir, Azərbaycanda demokratiya uğrunda mübarizəni davam etdirir və gücləndirir. O, Rəsulzadədən sitat gətirib: “Parlament üzvü olmaq, hökumətdə təmsil olunmaq şərəfli olmaq demək deyil. Ən böyük şərəf əqidəsinə həyatı boyu sadiq qalmaqdır”.
“Bu gün Azərbaycanda əcaib bir rejim var. Heç bir şəkildə Azərbaycana layiq olmayan şəkildə rejim var. Bu rejim Rəsulzadəni xalqın ürəyindən silib Azərbaycan tarixində heç bir bir yer tutmayacaq insana abidələr ucaltmağa çalışır. Ancaq bu, mümkün deyil və mümkün olmayacaq. Nəhayət ki, Azərbaycan gəncliyi öz sözünü dedi. Azərbaycan gəncləri Bayram Məmmədov və Qiyas İbrahimov ( Heydər Əliyevin abidəsini yazanlar) Azərbaycan xalqının qəlbindəki, şüurundakı əsas abidələrin ünvanını göstərmiş oldu”, - İsa Qəmbər bildirib.
D-18 Hərəkatının lideri Ruslan İzzətli deyib ki, Rəsulzadə özünü Azərbaycanın müstəqilliyinə və azadlığına həsr edib.
“Biz bura şəxsiyyətə pərəstişə toplaşmamışıq, əksinə, bura gəlməklə bizdə özgüvən, sabaha inam yaranır. Biz Rəsulzadəyə baxanda sabahımızı görürük”, -o vurğulayıb.