10 Yanvar 2017
Mətni dəyiş
Bloqqer Mehman Hüseynov çıxarıldığı Nəsimi rayon Məhkəməsindən 200 manat məbləğində cərimələnərək sərbəst buraxılıb.
Məhkəmədən sonra mətbuata açıqma verən M.Hüseynov yanvarın 9-u axşam saatlarında mülki geyimli 8 nəfər şəxs üstünə cumaraq başına torba keçirilib zorla maşına mindirilərək bölməyə aparıldığını bildirib.
Bloqqer maşında zorakılığa məruz qaldığını və başına keçirilən torbaya görə güclə nəfəs aldığını deyib.
"Məni 3 saat başımda torbaynan başıaşağı saxladılar. Bu vaxt ərzində məni təhqir edirdilər, çəkdiyim videoları açıb guya ələ salırdılar. 3 saatdan sonra məni apardılar Nəsimi rayon Polis İdarəsinə, rəis müavinin otağına aparıb başımdakı torbanı çıxardanda mən huşumu itirib yerə yıxıldım. Bundan sonra mənim huşsuz vəziyyətdə olmağımdan istifadə eləyib harasa imza atdırıblar, məhkəmədə göstərdilər, vəkillər də şahiddilər. Onlar mənim huşsuz vəziyyətimdən istifadə ediblər. Məhkəmədə hakim də gülürdü ki, bu nə imzalardı"- deyə Mehman Hüseynov bildirib.