Mehman Hüseynov Nəsimi rayon Məhkəməsindədir - [Yenilənib]

Mehman Hüseynov Nəsimi rayon Məhkəməsindədir - [Yenilənib]
10 Yanvar 2017
Mətni dəyiş
Mehman Hüseynov hazırda Nəsimi rayon Məhkəməsindədir.
Mehman Hüseynovun saxlanılmasının təfərrüatı məlum olub. M.Hüseynov Bakının "Torqovıy" adlanan ərazisində iş axtaran bir şəxsin şikayəti əsasında saxlanılıb.
Polisin ittiham aktında bildirilib ki, həmin şəxs Mehman Hüseynovun onu çiyni ilə vurduğu barədə polisə müraciət edib. Polis həmin an M.Hüseynovu çağırıb, Mehman isə polisin əmrini yerinə yetirməyib.
Qeyd edək ki, bloqçuya verilən ittihamla o ya 200 AZN məbləğində cərimə edilməli və ya 1 aya qədər inzibati həbslə cəzalandırılmalıdır.
O, inzibati xətalar məcəlləsinin 535.1 (polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmama) maddəsiylə ittiham olunub. İşə Nəsimi Rayon məhkəməsinin hakimi Pənahov baxacaq. Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.
[video width="640" height="368" mp4="http://abzas.net/wp-content/uploads/2017/01/elcin-sadiqov.mp4"][/video]
***
Bloqqer Mehman Hüseynov Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb. Hazırda Nəsimi rayon Məhkəməsinə aparılır. Bu barədə məlumatı vəkil Elçin Sadıqov yayıb.
Mehman Hüseynovun saxlanılması ilə bağlı dünən gecə məlumat yayılıb. Həm bloqqerin qardaşı, hazırda xaricdə yaşayan Emin Hüseynov, həm də bloqqerin dostları onun harda və necə saxlanılması ilə bağlı açıqlama veriblər.
Onlar bildiriblər ki, Mehman Hüseynov Bakı şəhərinin mərkəzində, Nəsimi rayonunda, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində 5 nəfər mülki geyimli şəxs tərəfindən ağzı tutularaq maşına mindirilib naməlum istiqamətə aparılıb.
Mehman Hüseynov sosial şəbəkələrin fəal istifadəçilərindəndir. Onun on minlərlə izləyicisi var. Müxtəlif problemlərlə bağlı video-foto materiallar hazırlayıb paylaşırdı. Son dövrlər deputatların, nazirlərin villaları ilə bağlı videolar yayırdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun