Lavrova sual verən jurnalist işdən çıxarıldığını təsdiqləyib
23 Yanvar 2017
Mətni dəyiş
LiderTV-nin müxbiri Anar Həsənov işdən çıxarılıb. Jurnalist işdən çıxarıldığını təsdiqləsə də, ətraflı danışmaq istəməyib.
"Bəli, mən artıq “Lider” telekanalında işləmirəm". Bunu AzadlıqRadiosuna “LiderTV”nin Rusiya müxbiri Anar Həsənov deyib. Jurnalist başqa heç bir açıqlama vermək istəmədiyini bildirib.
Bir neçə gün öncə Rusiya xarici işlər nazirinin mətbuat konfransında Anar Həsənov Sergey Lavrova "Azəbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi halda Moskva necə hərəkət edəcək, buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?" sualına Lavrov "Dağlıq Qarabağda güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil" cavabını vermişdi.
JURNALİSTİ SƏFİR İŞDƏN ÇIXARTDIRIB?
Yerli media yazır ki, jurnalistin bu sualı siyasi dairələrdə narahatlıq yaradıb. Hətta jurnalistin işdən çıxarılmasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da adı hallanır.
Moskvada çalışan, adlarının çəkilməsini istəməyən bir neçə azərbaycanlı jurnalist də bu sualdan sonra Anar Həsənovun Polad Bülbüloğlunun təqdimatı ilə işdən çıxarıldığını bildirib.
AzadlıqRadiosunun müxbiri “Lider” telekanalı və Azərbaycanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlayıb. Telekanaldan bildiriblər ki, bazar günü olduğundan hər hansı suala cavab verə bilməzlər. Azərbaycanın Rusiyadakı səfirliyindən də telefon zənglərinə cavab verilməyib.
"JURNALİST DƏ GƏRƏK SUSMASIN"
Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli deyir ki, işdən çıxarılan jurnalist təqib olunması, işdən çıxarılması haqda özü məlumat verməlidir:
"Jurnalistlərin çalışdıqları qurumlar konkret dövlət strukturlarına bağlı olduğundan orda işləyən jurnalistlər də daha çox dövlət məmuru kimi işləyir. Dövlət məmuru kimi işləyən jurnalist işdən çıxarılanda jurnalist kimi yox, məmur kimi susaraq kənara çəkilir. Ümumiyyətlə, dövlət qurumunun jurnalistin işdən çıxarılmasına qarışması söz azadlığına təqib hesab olunur. Kimə, hansı sualı verməyi jurnalist özü, redaktoru müəyyən etməlidir. Bunu ölkənin səfiri, siyasətçisi müəyyən edirsə, bu o deməkdir ki, həmin ölkədə media siyasətçilərdən asılıdır".
Ələsgər Məmmədli deyir ki, indiki halda Anar Həsənov işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət edə bilər.