Keçmiş müstəntiq: "Azad Azərbaycanı qura biləcəyik"

Keçmiş müstəntiq: "Azad Azərbaycanı qura biləcəyik"
4 Yanvar 2017
Mətni dəyiş
Keçmiş müstəntiq Rüfət Səfərov həbsdə saxlanıldığı Kürdəxanı təcridxanasından məktub göndərib. O, atası Eldar Sabiroğlunu 60 yaşının tamam olması münasibəti ilə təbrik edir:
"Hərçənd bu günlə əlaqədar, hələ, həbsdən xeyli əvvəl bir plan cızmış, əzizlərimizlə birgə şəhərdən kənara çəkilib təmtəraqlı məclis düzənləməyi niyyət etmişdim… Əfsus ki, beynimdəkini gerçəkləşdirməkdə acizəm. Nə etməli, görünür, qismət beləymiş…".
Rüfət Səfərov bununla belə qeyd edir ki, haqsızlıqla mübarizəyə başlamasına görə peşman deyil: "Qəti mənada peşman deyiləm. Hərgah, zamanı geri qaytara bilsək, yenə də məlum qərarı alardım. Çox da uzaq olmayan vaxtda əqidədaşlarımla birgə mülki cəmiyyəti, azad Azərbaycanı qura biləcəyik. Bax, onda bu günləri fərəh hissi ilə anıb, zamanında heç də səhv istiqamət götürmədiyim məlum olacaq, əziz ata…".
Qeyd edək ki, keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2 il əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. 2015-ci ilin dekabrında isə R.Səfərov hüquq-mühafizə orqanlarının işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.
Bundan sonra, 2016-cı ilin yanvarında R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb.
Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.
Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun