"Ölkədə azadlıqların boğulması prosesi o qədər aydın şəkildə görünür ki, bunun üçün xarici hesabatların müzakirəsinə belə ehtiyac yoxdur".
Bunu AzadlıqRadiosu-na Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər "Freedom House" təşkilatının illik hesabatında Azərbaycanla bağlı tənqidi fikirlərə münasibət bildirirkən deyib.
"Təbii ki, beynəlxalq təşkilatlar da burdakı vəziyyəti diqqətlə müşahidə edib dəqiq qiymətləndirirlər. Amma yenə təkrar edirəm ki, situasiya göz qabağındadır. İlham Əliyevin dönəmində azadlıqların məhdudlaşdırılması, bütün siyasi, iqtisadi azadlıqların boğulması, siyasi məhbusların sayının katastrofik dərəcədə artması, sərbəst toplaşma, ifadə azadlığının tapdanması çox aydın şəkildə görünür", – İ.Qəmbər əlavə edir.
GERÇƏKLİYİ DƏYƏRLƏNDİRMƏK
Hakimiyyətin tənqidləri rədd etməsinə gəlincə, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri hesab edir ki, iqtidar beynəlxalq təşkilatların hesabatlarından inciməkdənsə, küsməkdənsə, onların hamısını ermənipərəst elan etməkdənsə, gerçəkliyi görüb qiymətləndirməlidir.
O ki qaldı ötən ilin sentyabrında keçirilən referendumdan sonra Konstitusiyaya edilən dəyişikliklərlə bağlı beynəlxalq təşkilatın dediklərinə, MSDM rəhbəri bunları bildirir: "Mənə elə gəlir ki, rəhbərlik etdiyim Mərkəz də, üzvü olduğum Müsavat Partiyası da referendum məsələsinə zamanında yetərincə prinsipial qiymət verib. Yenə də təkrar etmək məcburiyyətindəyəm ki, referenduma münasibətimizi müəyyənləşdirmək üçün bizim beynəlxalq birliyin mövqeyinə istinad etməyimizə ehtiyac yoxdur. Yəni, bu referendum Əliyev rejiminin ailə rejimi olaraq, sülalə rejim olaraq davam etdirilməsi üçün keçirildi".
İ.Qəmbərin sözlərinə görə, böhran şəraitində sosial-iqtisadi gərginliyin siyasi gərginliyə çevrilməsi zaman məsələsidir. Onun qənaətincə, siyasi gərginlikdən narahat olan Əliyev hakimiyyəti referenduma getməklə zəmin yaradırdı: "Həm hakimiyyətin bir əldə, bir ailə çərçivəsində cəmləşdirmək üçün hüquqi baza hazırlamağa çalışırdılar, həm də ekstremal şəraitlərdə istədiyi şəkildə hakimiyyəti ailə və ya klan daxilində kiməsə ötürmək, yerdəyişmələr etmək üçün zəmin hazırlayırdılar. Biz bunu hələ referendum keçirmək istəyi bəyan olunanda elan etmişdik və təbii ki, mövqeyimizdə qalırıq".