26 Yanvar 2017
Mətni dəyiş
Penitensiar Xidmətin Baş Tibb İdarəsi NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin səhhəti ilə maraqlanacaq. Məhbus gənci yoxlamağa həkim göndəriləcək.
AzadlıqRadiosu-nun xəbərinə görə, onun vəkili Nemət Kərimli yanvarın 26-da Penitensiar Xidmətin Baş Tibb İdarəsində olub. İdarənin rəis müavini İftixar Qurbanov ona belə deyib.
Vəkilin bildirməsinə görə, Penitensiar Xidmət İ.Rüstəmzadənin səhhətində problemlərin yaranmasından xəbərdardır.
“İftixar Qurbanov dedi ki, sabah (Yanvarın 27-si) İlkin Rüstəmzadənin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinə həkim göndəriləcək. O, müayinədən keçiriləcək və həkimin rəyinə uyğun olaraq tədbirlər görüləcək”, vəkil qeyd edib.
İ.Rüstəmzadə yanvarın 25-də yaxınlarına telefonla bildirmişdi ki, səhhətində problemlər yaranıb. Mədə, bağırsaq sistemindəki ağrılardan şikayətlənən məhbus gənc müayinə ilə bağlı müraciətlərinə baxılmadığını bildirmişdi.
Xatırlatma
İ.Rüstəmzadə 2013-cü ilin mayında Baş Prokurorluğun təqdimatı əsasında həbs olunub.
Ona Azərbaycan CM-in 221.2.1 (bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq), 221.2.2-ci (ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
İstintaq hesab edir ki, İ. Rüstəmzadə Bakı bulvarında "Harlem Shake" rəqs fleşmobu təşkil edərkən xuliqanlığa yol verib. Fleşmob YouTube-də də yerləşdirilib.
Sonradan İ.Rüstəmzadə və digər yeddi fəala kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, 8 il azadlıqdan məhrum edilib. Lakin onunla birlikdə həbs edilmiş gənclər çoxdan azadlıqdadır.
Hazırda Avropa İnsan Hüquqları Məhkəməsi İ.Rüstəmzadə ilə bağlı iki şikayəti araşdırır.
"Amnesty International" İ.Rüstəmzadəni vicdan məhbusu kimi tanıyıb.