12 Yanvar 2017
Mətni dəyiş
"Düzdür, müxtəlif qeyri-hökumət təşkilatları var, hamımız bilirik hardan onlar maliyyələşir. Onların hədəfi bizə ləkə vurmaq, bizi qaralamaq, bizim işimizə kölgə salmaqdır, onların illər boyu apardığı anti-Azərbaycanda kampaniyaları heç bir nəticə vermir. Onların reytinqlərinə heç fikir verməyə də dəyməz".
Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
İ.Əliyev bildirib ki, eyni zamanda bəzi özlərini böyük iqtisadiyyatçı adlandıran yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər:
"Tamamilə cəfəng fikirlərdir. Bizim gözəl atalar sözü də var: "İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir". Yəni bütün bunlara fikir vermək lazım deyil. Əsas bizim uğurlu inkişafımızdır, aparıcı beynəlxalq iqtisadi qurumların qiymətidir və bizim reallığımızdır. Reallıq isə ondan ibarətdir ki, biz 2016-cı ildə bu böhranlı vəziyyətdən şərəflə çıxa bildik. Sosial məsələlərin həlli də 2016-cı ildə öz həllini tapıb".
Prezident müşavirədə deyib ki, 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Bildirib ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır.
"Biz sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni ehtiyac içində yaşayan vətəndaşlara dövlət hər zaman öz yardımını göstərib, göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. "