İlham Əliyev: "Azərbaycana kredit almaq problem deyil"

İlham Əliyev: "Azərbaycana kredit almaq problem deyil"
30 Yanvar 2017
Mətni dəyiş
"Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib, bütün əsas vəzifələr icra olunub. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2.6, qeyri-neft sənayesi 5 faiz artıb".
AzadlıqRadiosu-nun məlumatına görə, yanvarın 30-u "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyev belə deyib. Çıxışın tam mətnini AZƏRTAC yayıb.
Prezident böhranın təsirlərinə toxunub.
100 MİNDƏN ARTIQ İŞ YERİ
"Dünyada bu gün də davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərdi. Ancaq hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bildi. Keçən il yüz mindən çox daimi iş yeri yaradılıb. Bu proses 2004-cü ildən bu günə qədər davam edir", - deyən ölkə başçısı Neft Fondunun valyuta ehtiyatlarının qorunduğunu, bunun çox əlamətdar hadisə olduğunu vurğulayıb.
KREDİT ALMAQ PROBLEMİMİZ YOXDUR
Xarici borclanma mövzusu üzərində xüsusi dayanan ölkə başçısı Azərbaycandan ötrü istənilən layihəyə kredit almağın çoxdan problem olmadığını qeyd edib.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair konfrans - 30 yanvar 2017
"İndiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük maraq göstərmirik. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Amma biz çalışmalıyıq ki, bu, artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz kreditləri çox böyük ehtiyatla almalıyıq. Amma ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik", - İlham Əliyev qeyd edib.
İQTİSADİ GÖSTƏRİCİLƏR
Prezident son 13-14 ilin müsbət iqtisadi göstəricilərlə bol olduğunu ifadə edib. Onun deməsinə görə, hakimiyyətdə olduğu 13-14 ildə yaradılmış elektrik gücü təxminən bütün əvvəlki illərdə yaradılmış gücə bərabərdir. 35 elektrik stansiyası var. Azərbaycanda 51 faiz səviyyəsində olan qazlaşdırma 92 faizə qalxıb. Təxminən 11 min kilometr avtomobil yolu tikilib.
"Son illər ərzində 3 mindən çox məktəb tikilib və ya təmir edilib. 600-dən çox tibb ocağı tikilib və ya təmir edilib. Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa edilib", - deyən İ.Əliyev Azərbaycanda güclü və fəal milli biznes sinfinin formalaşdığını vurğulayıb. Prezident bunu iş adamlarına gərəkli əlverişli mühitin yaradılması ilə izah edib.
Ölkə başçısı Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsini yada salıb. Hazırda yeni bir qlobal layihənin – Cənub Qaz Dəhlizinin icra edildiyini qeyd edib.
"Son illər ərzində görülmüş bütün işləri sadalamaq çətindir", - deyən İ.Əliyev vurğulayıb ki, bu işlər Azərbaycana qarşı qarayaxma, böhtan, təhqir kampaniyalarının aparıldığı bir dönəmdə reallaşdırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun