9 Yanvar 2017
Mətni dəyiş
AXCP sədri Əli Kərimlinin SOCAR-ın fəaliyyətini dəyərləndirib.
Ə.Kərimli yazının girişində bu qurumun Avropa futbol çempionatında özünün reklamından ötrü 120 milyon manat sərf etməsini indiki vaxtda bədxərclik kimi qiymətləndirir.
AXCP sədri qeyd edir ki, SOCAR ölkə daxilində isə özünü fərqli cəhətlərdən tanıdır. Bu, enerji resurslarının qiymətlərinin qaldırılması ilə bağlı Tarif Şurasına təklif verməkdən, neftçi faciələrinə səbəb olan qəzalardan, bahalı ofis tikintisindən, kütləvi işçi ixtisarından və camaatın evlərini başlarına uçurmaqkimi olaylardan ibarətdir.
Ə.Kərimli yazır ki, SOCAR konqresmenlərə milyonluq ziyafətlər, "acından ölən" Avropanın futboluna reklamlar verir: "Sonra da bütün bu çəkilən xərcləri millət olaraq kimimiz pulu, kimimiz isə canı ilə ödəməli olur".
AXCP sədri daha sonra SOCAR-la Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin müqayisəsini aparır. Onun fikrincə, burada problem idarəetmə üsulundakı fərqlərdədir: "Baxın, bir tərəfdə istehsal etdiyi neftin 30 faizi ilə 45 milyard qazanc götürən xarici neft şirkətləri, digər tərəfdə isə xarici borc altında boğulan, işçisinin maaşını vaxtında verə bilməyən SOCAR. Əmin oldunuzmu ki, korrupsionerlərin bütün oğurladıqları əslində süfrəmizdən gedir? İdarəçilərin tüfeyli bədxərcliyinin bizi millət olaraq müflis etdiyini gördünüzmü? Oğru və bacarıqsız hakimiyyətin xalqa həddindən artıq baha başa gəldiyinə əmin oldunuzmu?".