Hakim Məşədi Natiqin işinə baxmaqdan imtina etdi

Hakim Məşədi Natiqin işinə baxmaqdan imtina etdi
10 Yanvar 2017
Mətni dəyiş
2015-ci ilin sonunda Nardaran hadisələrindən az sonra dövlətə xəyanətdə suçlanaraq həbs olunan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov yanvarın 10-da məhkəmə qarşısına çıxarılıb.
Məşədi Natiq Kərimov, eləcə də onunla birlikdə mühakimə olunan Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Bu işə baxmaq Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunmuşdu. Amma adıçəkilən hakim bu gün məhkəmənin hazırlıq iclasında işə baxmaqdan imtina edib. Eldar İsmayılov özü-özünə etiraz edib və bunu yazılı şəkildə əsaslandırıb.
Bəlli olub ki, Eldar İsmayılovun oğlu Dövlət Təhlükəsizliyi Komitəsində işləyir. Məşədi Natiq və İnqilab Əhmədovun işinin istintaqını aparan qrupun üzvlərindən biri də hakimin oğlu Emin İsmayılzadə olub. Hakim deyir ki, qanun bu halda onun işə baxmasını qadağan edir.
Hakimlər heyətinə daxil olan Cavid Hüseynov və Əlisultan Osmanov bu etirazı müzakirə ediblər. Eldar İsmayılovun etirazı qəbul edilib.
MTN-DƏ MÜSTƏNTİQ İŞLƏYİB
İndi Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri bu işə baxacaq yeni hakimlər heyətini müəyyənləşdirməlidir. Bu səbəbdən də məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Eldar İsmayılov özü də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmamışdan əvvəl MTN-də müstəntiq işləyib.
Natiq Kərimov 2015-ci ilin dekabrında həbs olunub, 2016-cı il yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək casusluqda suçlanan N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.
İnqilab Əhədov da eyni maddə ilə təqsirləndirilir, amma o, həbsdədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun