Foto: Yaşar Xudiyev
24 Yanvar 2017
Mətni dəyiş
Seymur Baycan
Yaşım qırxı keçib, amma hələ də bəndeyi-həqirinizə gənc yazar deməkdədirlər. Yəqin ki, bu həmişə belə olacaq. Ona görə də bir neçə ay əvvəl sayılıb-seçilən saytların birindən gənc yazıçılar üçün məsləhətlər yazmaq təklifi aldıqda haqlı olaraq xeyli tərəddüd etməli oldum. Düz əməlli uğur qazanmadığın, özünü qane edəcək məhsul ortaya qoya bilmədiyin, bunlar azmış kimi sənə gənc yazar deyildiyi bir halda durub başqalarına məsləhət vermək, necə yazmağı, necə pozmağı öyrətmək böyük məsuliyyətdir. Hətta deyərdim ki, bir növ tərbiyəsizlikdir. Buna baxmayaraq insanın yetişməsi üçün çox az resursun mövcud olduğu bir yerdə şəxsi təcrübənin təmənnasız paylaşılmasında fayda olduğunu düşünməkdəyəm. Məhz bu səbəbdən bir xeyli tərəddüd etdikdən sonra gənc yazıçılar üçün məsləhətlər yazmağa özümdə güc və cəsarət tapa bildim. İnanın ki, bütünlüklə səmimi bir şəkildə bu məsləhətləri yazmaqda faydalı olmaqdan başqa heç bir məqsədim və niyyətim yoxdur.
1. 2016-cı ilin may ayında bir ədəbiyyat festivalında iştirak etdim. Festivala müxtəlif ölkələrdən şairlər, yazıçılar, tənqidçilər, redaktorlar, araşdırmaçılar dəvət olunmuşdu.
Həmin festivalda bu gün ədəbiyyatla məşğul olan adamın, ümumiyyətlə sənətlə məşğul olan adamın xarici dil bilməməsinin nə dərəcədə böyük bir qüsur olduğunu bütün hüceyrələrimlə hiss etdim. Rus dilinin hesabına postsovet ölkələrindən, Polşadan gəlmiş iştirakçılarla ünsiyyətə girə bilsəm də dil bilmədiyimə görə başqa iştirakçılarla ünsiyyətə girməyim qeyri-mümkün idi. Halbuki, məsələn, Con Steynbekin həyat və yaradıcılığını araşdıran adamla ünsiyyətə girmək, ona bəzi sualları vermək üçün ürəyim gedirdi. Bu gün xarici dil bilməyib sənətlə məşğul olmaq çox böyük minusdur. Deməli, hörmətli gənc yazıçılar, əgər doğurdan da ədəbiyyatla ciddi məşğul olmaq istəyirsinizsə alman, fransız, italyan, ispan, ingilis dillərindən birini, hətta mümkünsə ikisini yaxşıca öyrənmək vacibdir. Sual yarana bilər, ingilis dili bu gün dünyada hegemonolduğu halda niyə ingilis dilini sadalamada axırda yazmışam. Məsələ ondadır ki, siz alman, fransız, ispan, italyan dillərindən birini yaxşıca öyrənsəniz daha çox fayda götürə bilərsiniz. Həmçinin yapon, çin, skandinav xalqlarından birinin dilini öyrənməyiniz də çox faydalı olar. Niyə? Səbəb çox sadədir. İngilis dilinin hegomonluq etməsi digər inkişaf etmiş başqa xalqları ciddi narahat etməkdədir və onlar öz ədəbiyyatlarının, mədəniyyətlərinin təbliğ olumasına çox həssas yanaşırlar. Əlbəttə öyrəndiyiniz dildən necə istifadə edəcəyiniz vacib şərtdir. Bəzi dostlarımız türk dilini bilməklə, azərbaycan dilinə tərcümə olunmamış mətnləri türk dilində oxumaqla, türk dilindən mətnləri azərbaycan dilinə uyğunlaşdırmaqla yumşaq desək özlərini sanki arxayınlaşdırıblar. Olduqca zərərli arxayınçılıqdır. Ümumiyyətlə türk mediasından, türklərə aid mövzulardan özünüzü uzaq tutsanız yaxşıdı. Bulağın gözündən su içmək imkanı var ikən plastik qaba doldurulmuş mənbəyi şübhəli suyu içmək nəyə lazımdır. Müxtəsər, bir il, iki il əziyyət çəkib yuxarıda sadalanan dillərdən birini mütləq və mütləq öyrənib həqiqi xəzinəyə giriş vəsiqəsi əldə etməlisiniz.
Fürsət düşmüşkən gənc valideynlərə də bir faydalı məsləhət vermək istərdim. Bunun faydalı məsləhət olduğuna qəti şəkildə əminəm. Bir neçə valideyn bu məsləhətimə əməl ediblər və faydasını görüblər. Əziz gənc valideynlər, əsla və əsla uşaqların türk kanallarına baxmağına imkan verməyin. Uşaqlara türk dilində filmlərə baxmağı qətiyyətlə qadağan edin. Bu zehni inkişaf baxımından olduqca zərərlidir. Baxırlarsa yalnız ingilis, almandillərində, heç olmasa qoy rus dilində filmlərə baxsınlar. Siz uşaqlara türk kanallarına baxmağa icazə verməklə onlara çox böyük bir zərər vurursunuz.
2. Maraqlanın, axtarın tapın, imkan düşdükcə ən müxtəlif ölkələrdə keçirilən ədəbiyyat festivallarında iştirak edin.
Çünki bir çox sahələrdə olduğu kimi sənət dünyasında da şəxsi əlaqələr mühüm rol oynayır. Ədəbiyyat festivallarında siz müxtəlif ölkələrdən gəlmiş redaktorlarla, tərcüməçilərlə, yazıçılara ünsiyyətə girmək, onlarla yaxından tanış olmaq şansı qazanacaqsınız. Həm də bu ünsiyyət nəticəsində müxtəlif ölkələrdə ədəbi mühitin vəziyyəti haqqında məlumatlar əldə edəcəksiniz. Müqayisə etmək, paralellər və mübadilə aparmaq hər zaman faydalıdır. Ədəbiyyat festivallarında iştirak etməklə ən azı bir neçə gün ədəbiyyat ab-havasında yaşamaq sizə həzz verəcəkdir. Əgər maddi vəziyyətiniz imkan verirsə hətta ədəbiyyat festivallarında öz hesabınıza iştirak edin.
3. Yazdıqlarınızın imkan varkən başqa dillərə tərcümə olunmasına çalışın. Maraqlanın, axtarın, tapın müxtəlif ölkələrdə keçirilən müsabiqələrə yazdıqlarınızı göndərin. Bir müsabiqədən ürəyiniz istəyən cavab gəlmədikdə əsla ruhdan düşməyin. Müsabiqələrə əsər göndərməkdən yorulmayın. Ən gözlənilməz yerdən uğurlu nəticə gələ bilər. Azərbaycan oxucularının ümidinə qalmayın.Əgər medalınız, vəzifəniz, mandatınız yoxdursa burda heç kim sizi yazıçı yerinə qoymayacaq. Mütləq kənarda özünüzü təsdiq etməlisiniz. Hələ on-on iki il əvvəl bir nəfər mənə demişdi ki, Azərbaycanda yazıçı olmaq çətin məsələdi. Soruşdum niyə? Dedi ki, azərbaycanlılar heç nəyə inanmırlar, burda necə yazıçı olmaq olar? Mən o vaxt onun nə demək istədiyini həqiqi mənada başa düşmürdüm. İllər keçdi və mənsub olduğum xalqı yaxından tanıdıqca başa düşdüm ki, doğurdan da Azərbaycanda yazıçı olmaq çətin məsələdi. Azərbaycanda yazıçı olmaq üçün gərək pulun, vəzifən, mandatın olsun. Çox yaxşı olar ki, atan da danosbaz olsun.Çünki yetimin əlində qoğal azərbaycanlıların gözünə əcaib görsənir. Nəsə, mövzudan çox aralaşmayaq. Hərçənd bütün bunlar çox dəhşətli söhbətlərdi.
Əgər azərbaycan oxucularının ümidinə qalsaydım azərbaycanlılar məndə özümə qarşı asanlıqla şübhələr yarada bilərdilər. Çox asanlıqla sübut edə bilərdilər ki, yazmağı bacarmıram və buna asanlıqla inanardım. Əgər azərbaycan oxucusunun ümidinə qalsaydım həqiqi oxucunun, oxucu rəyinin nəmənə olduğunu bilməyəcəkdim. Ümumilikdə isə özümü yazıçı, bir yazı adamı kimi hiss edə bilməyəcəkdim.
4. Əgər hər hansı dili bilirsinizsə davamlı olaraq tərcümələr etməklə məşğul olun. Tərcümə, mətni hiss etmək, zəhmətə öyrəşmək üçün olduqca faydalı prosesdir. Hər hansı bir əsəri uğurlu tərcümə etmək elə uğurlu bir əsər yazmağa bərabərdi.
5. Ədəbiyyat gec yetişən meyvədir. Davamiyyət, inadcıllıq, ardıcıllıq vacib şərtdir. İstedadınıza arxayın olmayın. Yazmaq, oxumaq sizin həyat tərzinizə çevrilməlidir. Nə qədər güclü bir istedada malik olsanız da bilin ki, istedad daima zəhmətlə gübrələnməlidir. Bu haqda istedad və zəhmət adlı yazı yazmışam. Maraqlananlar tapıb oxuya bilərlər. Söhbəti çox uzatmaq istəmirəm.
6. 90-ci illərin əvvələrində Nobel mükafatı almış yazıçıların müsahibələri, hekayələri, esseləri yığılmış “Bağban” adlı bir kitab nəşr olunmuşdu. O dövr üçün çox faydalı bir kitab idi. Həmin kitabda Folknerin müsahibəsini oxumuşdum və müsahibə bəndənizə çox pis təsir etmişdi. Folkner müsahibəsində demişdi ki, ədəbi mühit mənə maraqlı deyil, mən özümü fermerlərin arasında daha rahat hiss edirəm. Folknerin sözləri yaddaşımda təxminən belə qalıb. O vaxt sənətin aliliyinə, müstəsnalığına çox inanırdım. Hər şey mənim üçün sənətdən ibarət idi. Heç nəyin sadə olmasını istəmirdim. İstəyirdim hər şey təmtəraqlı, pafoslu və mürəkkəb olsun. Sənət adamları sadə danışanda əsəbləşirdim. Ona görə Folknerin, Nobel mükafatı almış bir yazıçının sözləri bir növ qürurma toxunmuşdu. Bu sözlər sənətə, sənətkara aid təsəvvürlərimə heç uyğun gəlmirdi. Necə yəni mənə ədəbi mühit maraqlı deyil? Necə yəni mən özümü fermerlərin arasında daha rahat hiss edirəm? Bunu o vaxtlar anlaya bilməzdim. Folkner bu sözləri niyə demişdi, əsl məqsədi və məramı nə idi, bunu qoyaq kənara. Nə demək istəyirəm? Demək istəyirəm ki, təkcə məşğul olduğunuz sahənin adamlari ilə ünsiyyətdə olmayın. Tamam başqa sahənin adamları ilə də zaman-zaman ünsiyyətdə olun. Əlbəttə ünsiyyətdə olduğunuz adamlarındüz və ədalətli adam olduğuna fikir verməlisiniz. Elə başqa sahənin adamları ilə ünsiyyətdə olmalıyam deyərək hər adamla ünsiyyətə girmək olmaz.
7. Tez-tez səyahətə çıxın. Mühitinizi imkan düşdükcə dəyişin. Təbiətlə həqiqi təmasda olun. Təəssüratların dəyişməsi yaratmaq üçün şövq verir. Tez-tez gecə klublarına gedin. Səs-küylü yerlərdə beyninizi dincə qoymağa özünüzü öyrəşdirin. Əyləncədən, kefinizdən qalmayın. Hisslərin kəskinliyi yaradıcılıq üçün vacibdir.
8. Ancaq güclü əsərlər oxumayın. Bu çox zərərlidir. Bayağı və zəif əsərləri də oxumaq lazımdır.
Bayağı və zəif əsərləri oxumaqla siz nələri yazmamağı öyrənə bilərsiniz. Bayağı və zəif əsərlərdən sizə lazım olan məqamları götürüb həmin məqamları özəlləşdirməyi, özünüzünküləşdirməyi öyrənin.
9. Yerliklassiklərinin əsərlərini oxumaq vacibdir, amma onlar haqqında kənarda, yəni ölkə kənarında danışmaq vacib deyil.Yerliklassiklərinin əsərlərini oxumaq vacibdir, amma onlar haqqında kənarda, yəni ölkə kənarında danışmaq vacib deyil.
10. Həmişə zərbəni birbaşa hədəfə vurun. Hədəfin ətrafındakı yaltaq-yultağa, çaqqal-çuqqala əhəmiyyət verməyin.
11. Elə davalara girin ki, davanın nəticəsindən aslı olmayaraq yəni hətta siz məğlub kimi görünsəniz belə davadan qalib kimi çıxın.
12. Özünüzə bioqrafiya yazmağı öyrənin. Bunun özü də əslində sənətin ayrılmaz bir hissəsidir. Hər bir hərəkətiniz, hətta kənardan ən axmaq, ən absurd görünən hərəkətiniz də sizin bioqrafiyanıza xidmət etməlidir. Lakin zəhmətsiz və məshulsuz bioqrafiya yazmağa girişsəniz bioqrafiya deyil karikatura yaranacaq.
13. Nəyə qadir olduğunuzu dəqiq müəyyən edin. Zəif cəhətlərinizi arxaya, güclü cəhətlərinizi irəliyə çəkin. Mövzunun təmtərağına uyub yaza bilməyəcəyiniz mövzulara girişməyin. Nəyi yaza bilərsinizsə onu da yazın. Sadə görünməkdən qorxmayın.
14. Əgər xüsusi bir əhvalınız varsa, tutaq ki, ürəyinizi kədər əzirsə, canınız sıxılırsa, kəskin şəkildə darıxırsınızsa həmin əhvalı əsla qaçırmayın. Oturun və yazın, əhvalı yaradıcılığa yönləndirin. Ümumiyyətlə həyatdan aldığınız zərbələri məhsula çevirin. Nobel mükafatçısı Mario Varqas Lyosanın “Gənc yazıçıya məktublar”dan bir möhtəşəm hissəni burda tirajlamağın yeri var: “... XIX əsrin kübar qadınları kökəlməkdən o dərəcədə qorxurdular ki, bədənlərinin incəliyini qorumaq üçün özlərini soliter udmağa məcbur edirdilər. İçərisində bu dəhşətli paraziti gəzdirən bir adamla ünsiyyətiniz olubmu? Mən beləsinə rast gəlmişəm və Sizi inandırım ki, ondan sonra məndə həmin kübar xanımların qəhrəman adlanmağa, gözəllik cəfakeşləri sayılmağa layiq olduqları qənaəti yaranıb.
1960-cı illərin əvvəllərində Parisdə mənim dəyərli bir dostum vardı. Xose Mariya adlı gənc bir ispan həm rəssam, həm də kino adamıydı. O, dediyim xəstəlikdən əziyyət çəkirdi. İş burasındadır ki, orqanizmə daxil olan soliter sanki onunla vəhdət halına gəlir, onun hesabına qidalanır, böyüyür və möhkəmlənir. Soliteri yuva saldığı və rahatca yaşadığı bədəndən çıxarmaq müşkül işdir. Xose Mariya az qala fasiləsiz yeyir, xüsusən süd içir, buna baxmayaraq, durmadan arıqlayırdı. O, bütün qidaları orqanizmindəki paraziti doyurmaq üçün qəbul edirdi. Əks təqdirdə, ağrıları dözülməz həddə çatırdı. Yeyib-içdiklərinin yazığın özünə heç bir xeyri dəymir, onlardan bir ləzzət ala bilmirdi. Bir dəfə biz Monparnasdakı balaca bir kafedə söhbətləşərkən Xose Mariyanın dilə gətirdiyi bir etiraf məni sarsıtdı: "Biz səninlə tez-tez bir yerdə oluruq. Kinoya, sərgilərə gedirik, kitab dükanlarını dolaşır, siyasət, ədəbiyyat, kino haqqında, ortaq dostlarımız barədə söhbətləşirik. Sən bütün bunları özünün zövq almağın üçün edirsən. Mən isə yox. Mən ondan - soliterdən ötrü çalışıram. Hər halda, məndə belə bir hissiyyat yaranıb ki, indi özüm üçün yox, içərimdə yuva salıb məni öz quluna çevirən o həşərat üçün yaşayıram".
O vaxtdan yazıçı həyatını Xose Mariyanın vəziyyətilə müqayisə etmək xoşuma gəlir. Ədəbiyyat - vaxt keçirmək vasitəsi, idman və ya rahatlıq gətirən əyləncəli oyun deyil. Ədəbiyyatla daimi məşğul olmaq gərəkdir. O, təkcə insanın oturub yazdığı saatlara yox, bütövlükdə həyatın özünə nüfuz edir. Ədəbiyyat bütün digər işləri öz təsir dairəsinə salır, insan bədənindəki iri soliter kimi, yazıçının həyatını "yeyir". Flober deyir ki, ədəbiyyat - həyat tərzidir. Başqa sözlə desək, bu gözəl və hökmlü sənəti seçən adam yaşamaq üçün yazmır, əksinə yazmaq üçün yaşayır.
Ancaq sonralar mənə məlum oldu ki, yazmaq həvəsini soliterlə müqayisə etmək heç də orijinal deyilmiş. Mən bunu lap yenicə, Folknerin ustadı, "Zaman və çay haqqında", "Öz evinə nəzər sal, Mələk" kimi nəhəng romanların müəllifi Tomas Vulfu oxuyarkən bilmişəm. O, özünün yazıçılığa münasibətini insan bədənində yuva salmış qurdu misal gətirməklə ifadə edir: "Neyləməli, məhrəm, anlaşılmaz və unudulmaqda olan uşaqlıq arzusu həmişəlik məhv oldu. Qurd mənim ürəyimə girdi və orada qıvrılıb qaldı. Neyləyim, mənim ruhum, yaddaşım onun azuqəsinə çevrildi. Bilirəm ki, nəhayətdə öz alovum özümü bürüdü. Bəli, məni - çılğın və ramolunmaz arzuların caynaqları ilə didilən bir adamı öz odum yandırdı. Qısası, mən anladım ki, beynimdəmi, ürəyimdəmi, yaddaşımdamı, hardasa işıq saçan bir hüceyrə artıq heç zaman sönməyəcək. Gecə və gündüz, yuxuda da, ayıq vaxtımda da o hüceyrə işıq saçacaq. Qurd öz yemini alacaq və o işıq da elə hey parlayacaq. Heç bir əyləncənin, yeyib-içməyin, səyahətlərin, qadınların onu söndürməyə gücü çatmayacaq. Bu səbəbdən də artıq heç vaxt, ölüm həyatımı sonsuz, zülmət qaranlığa qərq etməyincə, mən ondan qurtula bilməyəcəyəm. Mən anladım ki, nəhayət, əsl yazıçı olmuşam. Dərk elədim ki, yazıçı həyatı yaşayan adamın başına nələr gəlir".
15. Yuxardakı sözlərdən sonra birdən birə bu söhbətlərə girmək, ola bilsin enmək asan deyil. Ancaq neyləyək məsləhət veririksə axıra qədər məsləhət verməliyik.
Üstəlik bu bəndə yazılanların yuxarıda yazılanlardan az dəyərli olduğunu hesab etmirəm. Qərəz, davam edək... Azərbaycanlı qızla evlənməyin. Onların sənəti başa düşməyinə hələ azı beş əsr var. Əvvəldə özlərini sənətlə maraqlanan, guya sənəti başa düşən kimi göstərə bilərlər, amma bilin ki, bu gəlin paltarı geyinmək üçün oynanılan oyunun ayrılmaz tərkib hissəsidir. Hərlədib-fırladıb cəmiyyət üçün ən yararsız, nəinki yararsız qorxulu, tərcümeyi-halı başdan başa çirkab içində olan bir adamı fərasətli kişi kimi sizə nümunə göstərəcəklər. Çünki onlar ancaq əllə tutulana, gözlə görülənə qiymət verməkdədirlər. Onlarin leksikonunda yaradıcılıq, mənəvi dünya, ruh kimi həyati vacib sözlər yoxdu. Ümumiyyətlə seksual azadlıq əldə etməyən ölkələrin qızlarından uzaq dursanız yaxşıdır. Lap dərindən götürsək evlənməsəniz daha yaxşı hərəkət etmiş olarsınız. Gec-tez bəşəriyyət ailə modelinin nə qədər axmaq, insan azadlığını məhdudlaşdıran bir model olduğu qənaətinə gəlib çatacaqdır və yəqin ki, bu insanlığın əldə etmiş olduğu ali azadlıqlardan biri olacaq.
Təbiətcə nə qədər romantik, sentimental adam olsanız da təbiətinizin hərəkətlərinizdə təzahür etməsinə imkan verməyin. Özünüzü ət yeməyən, amma yaxşı ət yeməkləri hazırlayan bir aşbaz kimi aparın. Sevirəm, darıxıram, sənsiz ölürəm, partlayıram, cırılıram kimi sözləri hara gəldi səpələyib, kimə gəldi deməklə bu sözlərin sakrallığını öldürün. Bununla siz bu sözlərin yarada biləcəyi təhlükələrdən, bu sözlərin törədə biləcəyi pis nəticələrdən özünüzü qorumalı olacaqsınız. Gedəni geri qaytarmağa çalışmayın. Gedən yenə gedəcək. Təkcə sevgi-məhəbbətdən söhbət getmir hər sahədə belədir. Ümumiyyətlə, axırda ola biləcək hadisələrin əvvəldə olmasına kədərlənməyin, əksinə buna sevinin ki, axırda ola biləcək hadisə əvvəldə baş verdi. Çünki əvvəldə baş verən hadisə axırda baş versəydi daha böyük fəsadlar törədərdi. Heç vaxt, hansı vəziyyətdə olursunuzsa olun ananızdan savayı heç bir qadından pul almayın. Bu çox həssas məsələdir. Bir daha yazım. Heç vaxt, hansı vəziyyətdə olursunuzsa olun ananızdan savayı heç bir qadından pul almayın. Əgər doğurdan da əbədiyyətin bircə saniyəsini özəlləşdirmək istəyirsinizsə, belə bir iddianız varsabu yolda qarşınıza çıxan bütün maneələrin üstündən keçməyə, bilərəkdən və ya bilməyərəkdən sizə mane olmaq istəyən ən əziz, doğma adamdan belə imtina etməyə hər zaman hazır və qadir olmalısınız.
16. Yuxarıda yazılanlar qanun deyil. Zamana, məkana, şəxsə görə dəyişir. Yaradıcılıq labaratoriyaları müxtəlifdir. Təcrübə və müdriklik şəxsi səhvlər, mənəviböhranlar hesabına əldə olunur. Düşüncələr ağırlaşdıqca böyük sevinclər uzaqlaşır, ümid qalır balaca sevinclərə. Balaca sevincləri görməyə çalışın!
P.S Yazıda müxtəlif mənbələrdən istifadə olunub.