28 Yanvar 2017
Mətni dəyiş
Yaponiya səfirliyinin təşkilatçılığı ilə "Bakı Yapon Filmləri festivalı"nın açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, yapon mədəniyyətinin tanıdılması məqsədi ilə Bakıda 27-29 yanvar tarixlərində 5 yapon filmi nümayiş olunacaq.
Yaponiyanın Azərbaycandakı səfiri Suquo Takahaşi hər il Azərbaycanın müxtəlif bölgələrində filmlərin nümayiş olunduğunu bildirib. O qeyd edib ki, bu dəfə filmlər Bakıda nümayiş olunacaq.
Filmlərin Azərbaycan dilində subtitrlərlə nümayiş olunacağını deyən səfir nümayişə çoxlu sayda tamaşaçıların gələcəyinə ümidvar olduğunu söyləyib: "Düşünə bilərsiniz ki, filmlərin Azərbaycan dilində səsləndirilməsi subtitrlərlə təqdim olunmasından daha yaxşı olardı. Lakin onu deməliyəm ki, alt yazılar orijinal səslənməni saxlamağa imkan verir".
Festival "Landmark" biznes-mərkəzində gerçəkləşəcək. Festival çərçivəsində 5 yapon filmi – "Məktub", "Pekorosun anası ilə görüş", "Kaitan şəhərinin əhvalatları", "Sən yaxşı uşaqsan" və "Çevrəmizdəkilər" adlı ekran əsərləri təqdim olunacaq.