27 Yanvar 2017
Mətni dəyiş
2016-cı ildə Azərbaycanda 556 qeyri-hökumət təşkilatının (QHT) layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının tərəfindən maliyyələşdirilib.
APA-nın xəbərinə görə, Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, ötən il şura QHT-lərin üzləşdiyi problemlərin həlli istiqamətində çox fəal iştirak edib.
Bir çox QHT-lərin üzləşdiyi problemlərlə əlaqədar hökumətlə dialoqda olduqlarını deyə şura sədri vurğulayıb ki, nəticədə 9 QHT-nin hesabından həbs götürülüb, 8 QHT-yə qarşı açılmış cinayət işi və yaxud vergi orqanları tərəfindən başlanmış istintaq əməliyyat işlərinə son qoyulub, bir QHT haqqında başlanmış cinayət işi isə dayandırılıb: “Eyni zamanda, onlarla QHT nümayəndəsinə sərhəd keçid məntəqələrində tətbiq edilən məhdudiyyət və yaxud yoxlamalar aradan qaldırılıb. 15 QHT-nin qeydiyyat problemi öz həllini tapıb”.
A.Quliyev əlavə edib ki, ötən il QHT hökumət dialoqunun nəticəsi olaraq xarici donorların qrant vermə proseduru ölkə prezidenti tərəfindən sadələşdirilib və vahid pəncərə sistemi tətbiq edilib: “Vahid pəncərə sistemi o deməkdir ki, bundan sonra xarici donor institutları Azərbaycanda fəaliyyətini çox rahat şəkildə quracaqlar. Əvvəllər sənədlərin baxılmasına 30 gün yaxın vaxt tələb olunurdusa, indi qeydiyyat və donorluq fəaliyyətinin həyata keçirilməsi məqsədilə sənədlərə baxılması üçün Ədliyyə Nazirliyinə cəmi 1 gün vaxt verilib.
Vahid pəncərə sistemi ilə sənədlər Ədliyyə və Maliyyə nazirliklərinə təqdim ediləcək. Maliyyə Nazirliyi müraciətə iqtisadi və maliyyə vəziyyəti ilə bağlı rəy verəcək. Əvvəllər iqtisadi, maliyyə vəziyyəti ilə bağlı rəyin alınması, eyni zamanda donor kimi fəaliyyət göstərməsi üçün qeydiyyata alınması ilə bağlı təkcə donorlar müraciət edirdisə, indi qeyri-hökumət təşkilatlarına da bu hüquq verilir. Vahid pəncərə sistemi 2017-ci il yanvarın 1-dən rəsmi fəaliyyətə başlayıb. Artıq bir çox təşkilatlar öz fəaliyyətlərini yenidən beynəlxalq qurumlar və donor təşkilatları ilə bərpa etmək imkanı əldə edəcəklər”.