11 Yanvar 2017
Mətni dəyiş
Xaricdə yaşayan azərbaycanlılar Azərbaycanda baş verənlərlə bağlı bəyanat yaydı
"Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf Mərkəzi", "Musavat-Avropa Koordinasiya Mərkəzi", "Avropa Demokratiyaya Dəstək Alyansı" və "İctimai Qınaq Mərkəzi" Azərbaycanda baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Azərbaycanda son bir ildə baş verən hadisələr, müstəqil və müxalif fikirli ictimai-siyasi təşkilat və şəxslərə qarşı repressiyaların yeni dalğasının başladığını göstərir:
“Vətəndaşlarımızı himayə və müdafiə etməyə borclu olan hüquq-mühafizə orqanları onları oğurlayır, döyür, işgəncələr verir, qanunsuz saxlayır və ya həbs edir, barəsində qanuna və ədalətə söykənməyən məhkəmə hökmləri çıxarır. İnsanlar qanunsuz silah saxlama, narkotik istifadə etmə, dövlət çevrilişinə cəhd və digər ağlasığmaz saxta ittihamlarla azadlıqdan məhrum edilirlər”.
Bəyanatda bildirilir ki, bu cür ittihamlarla həbs edilənlər arasında siyasətçilər, jurnalistlər, bloqqerlər, gənc ictimai fəallar, hakimiyyət təmsilçilərinin qanunsuz göstərişlərini icra etməyən müstəqil düşüncə sahibi və ya hakimiyyətə yaxınlığı ilə seçilməyən şəxslər var:
“Necə ki, bu yaxınlarda heykələ yazılan "Qul bayramınız mübarək" ifadəsinə görə Qiyas İbrahimov və Bayram Məmmədova heç bir əsas olmadan 10 il həbs cəzası verildi.
Müxtəlif repressiv üsullarla həbs olunumuş ilahiyyatçı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəmə prosesi bu yaxınlarda başa çatdı. İttihamçı rolunda çıxış edən, əslində siyasi sifariş yerinə yetirən prokuror həmin şəxslərə çox ağır cəza, hətta bəzilərinə ən ağır cəza - ömürlük həbs istədi.
Fikrimizcə, Nardaran hadisələri 2003-cü ilin məlum oktyabr hadisələrindən sonra ölkədə baş verən ən qəddar repressiv hadisələrdən biridir. İndiyədək Nardaran hadisələri ilə bağlı 70 nəfər şərlənərək müxtəlif müddətlərə həbs edilib. Bu hadisələrdə 6 vətəndaşımız hələk olub. Məhkəmə prosesində baş verənlər aydın göstərdi ki, heç bir əsaslı sübut və fakt olmadan əməliyyat hazırlanıb, qeyri-peşəkar səviyyədə icra edilib”.
Bəyanat müəllifləri məhkəmədə baş verənləri diqqətlə izlədiklərini bildirirlər:
“Burada narahatlıq doğuran daha bir məqamı ölkəni idarə edənlərin və vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirik. Mühakimə edilənlərin böyük əksəriyyəti gənclərdi. Hesab edirik ki, bu, çox cılız, primitiv bir qisasçılıq, cəmiyyətin aktiv kəsiminin gözünü bir növ qorxutmaq aktıdır. Bu, cəmiyyətdə qisasçılığı, düşmənçiliyi körükləyən bir aktdır. Bu düşmənçilik kimə və nəyə lazımdır? Siz idarəçilər, məmurlar bu gün və gələcək qarşısında məsuliyyətinizi bəlkə bir daha düşünəsiniz?
Dəyərli həmvətənlər, şərlənib növbəti həbs olunan isə sən ola bilərsən, mən ola bilərəm, sənin və ya mənim övladım, valideynim, qardaşım, bacım, dostum və s. ola bilər. Azərbaycanda bu cür etiraz aksiyalarına başlamaq dərhal şərlənib həbs olunmağa bərabər olduğundan insanlar susur, baş verənlər qanunsuzluqlara adekvat etiraz aksiyaları keçirə bilmirlər”.
Bəyanat müəllifləri baş verənlərlə bağlı aksiya keçirməyin vacibliyini vurğulayırlar:
“Biz Avropadayıq, dövlət ittihamçısı tərəfindən istənilən cəzanın adekvat olmadığı təhsilindən, ixtisasından və peşəsindən asılı olmayaraq hər kəsə bəllidir. Belə olan halda Avropada yasayan, siyasi mənsubiyyətindən asılı olmayaraq, hamımız ölkəmizdə aparılan siyasi repressiyanı qınamaq üçün 18 yanvar 2017-ci ildə Berlində Azərbaycan səfirliyinin qarşısında toplaşaq. Müxtəlif bəhanələrlə həbs olunan Nardaran işi də daxil bütün siyasi məhbusların dərhal həbsdən azad olunmasını birlikdə tələb edək.
Azərbaycan hakimiyyəti siyasi təqiblərə, qanunsuz həbslərə son qoymasa, Avropada olan bütün Azərbaycan səfirliklərinin qarşısında kütləvi etiraz aksiyalarını davam etdirəcəyik”.