AŞPA Monitorinq Komitəsi məruzəçilərinin səfər proqramı açıqlanıb

AŞPA Monitorinq Komitəsi məruzəçilərinin səfər proqramı açıqlanıb
10 Yanvar 2017
Mətni dəyiş
AŞPA Monitorinq Komitəsinin məruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florina Predanın (Rumıniya) Azərbaycana səfərinin proqramı açıqlanıb.
Bundan öncə AŞPA bildirib ki, onlar Azərbaycanda yanvarın 12-14-də olacaqlar. Səfərdə məqsəd ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir.
Bu gün AŞPA-nın mətbuat xidməti bildirib ki, məruzəçilərin parlamentin spikeri, ədliyyə və daxili işlər nazirləri, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, baş prokuror, Vəkillər Kollegiyasının sədri, həmçinin parlament və AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşləri planlaşdırılır.
Assambleya nümayəndələri Azərbaycan tərəfinin təsdiqindən sonra ölkə prezidentilə görüşməlidirlər.
Bundan əlavə, onlar vətəndaş cəmiyyətinin, parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri ilə görüşəcəklər.
Azərbaycan hələ də Assambleyanın monitorinqi altında olan 9 AŞ ölkəsindən biridir. Bu prosedur hakimiyyətlə daimi dialoq, həmçinin müntəzəm hesabatlar və AŞ qarşısında öhdəliklərin yerinə yetirilməsində irəliləyişlə bağlı vaxtaşırı debatları əhatə edir.
Məruzəçilərin səfəri “Avropa Sabitlik Təşəbbüsü  (ESI)”  beynəlxalq QHT tərəfindən “Kürü diplomatiyası-2” sənədinin açıqlanması fonunda həyata keçirilir. Sənəddə AŞPA-da Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri tərəfindən assambleya üzvlərinin ələ alınmasına dair faktlar yer alıb. Rəsmi Bakı bu ittihamları şərh etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun