28 Yanvar 2017
Mətni dəyiş
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) institusional məsələlər üzrə komitəsi yanvarın 26-da deputatlar arasında korrupsiya faktlarını pisləyən və bütün bu faktları araşdırmaq və qiymətləndirmək niyyətini əks etdirən bəyanat qəbul edib.
“Bəzi hazırki və keçmiş AŞPA üzvlərinə qarşı irəli sürülmüş korrupsiya ittihamları bu yaxınlarda Avropa mediasında geniş işıqlandırılıb. Bu ittihamların obyektiv olub-olmamasından asılı olmayaraq, iddialar AŞPA-nın imicinə və onun hər bir üzvünün nüfuzuna xələl gətirir.
Bir sıra parlament nümayəndə heyətləri vəziyyətlə bağlı narahatlıq ifadə ediblər, tez və qəti reaksiya verməyə çağırıblar”, qətnamədə bildirilir.
AŞPA-nın bir neçə milli nümayəndə heyətlərinin sorğularına, habelə insan hüquqları və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq QHT-lərin çağırışlarına cavab olaraq, komitə korrupsiyanın hər bir formasına qarşı dözümsüzlük nümayiş etdirmək və assambleya üzvlərinin davranış məcəlləsinin pozulması hallarının qarşısını almaq üçün deputatların davranış qaydalarını sərtləşdirmək niyyətindədir.
“Komitə Assambleya Bürosunu Assambleyanın işinin qiymətləndirilməsi və gizli korrupsiya təcrübəsinə işıq salmaq məqsədilə, cəzasızlığa son qoymaq və AŞPA-ya etibarı bərpa etmək üçün müstəqil xarici kəşfiyyat orqanı yaratmağa çağırır”, sənəddə bildirilir.
Xatırladaq ki, sessiya ərəfəsində bir çox beynəlxalq QHT-lər və Azərbaycan vətəndaş cəmiyyəti deputatları Azərbaycan nümayəndə heyəti tərəfindən bir sıra AŞPA üzvlərinin rüşvətlə öz tərəflərinə çəkilməsi faktlarına qiymət verməyə çağırıb.