9 Yanvar 2017
Mətni dəyiş
İsrail rəsmiləri bloqqer Alexander Lapshin-in Azərbaycana təhvil verilməsinə mane ola bilmirlər. "The Times of Israel" qəzeti yazır ki, Azərbaycan bloqqeri ekstradisiya etmək üzrədir və İsrailin Xarici İşlər Nazirliyi məsələyə müdaxilə edə bilməməsindən narahatdır.
Ailəsi isə İsrail hökumətinə müraciət edərək, bloqqerin həyatının təhlükədə olduğunu, onun mənəvi və fiziki təzyiqə məruz qaldığını deyib, İsraili bloqqerin azadlığa buraxılmasına yardım etməyə çağırıb.
A.Lapshin həm İsrail, həm də Rusiya vətəndaşıdır. O, Bakının icazəsi olmadan dəfələrlə Qarabağa səfər edib, öz səhifəsində bu qanunsuz rejimi tərifləyib, Qarabağı "müstəqil ölkə" adlandırıb. Üstəlik, Azərbaycan prezidenti İlham Əliyev haqqında tənqidi yazılar yazıb. Azərbaycan hökuməti onu beynəlxalq axtarışa verib və dekabrın 13-də A.Lapshin-i Belarus ərazisində saxlayıblar. İsrailin xahişlərinə baxmayaraq, Bakı onun ekstradisiyasında israrlı olduğunu bildirib.
"The Times of Israel" qəzetinin yazdığına görə, yanvarın 7-də Azərbaycanın Baş Prokurorluğu bəyanat yayaraq, A.Lapshin-in ekstradisiyası barədə sənədləri Belarusa göndərdiyini bildirib. Onun bir neçə günə Bakıya aparılacağı gözlənir.
Ailəsi İsrailin "Haaretz" qəzetinə bildirib ki, Belarusda bloqqerə ekstradisiya haqda razılaşmanı imzalamaqdan ötrü həm mənəvi, həm də fiziki təzyiq göstərirlər. Həyat yoldaşı Ekaterina Kapilova "Haaretz"ə müsahibəsində deyib ki, dekabrın 25-də A.Lapshin-in kamerasına iki nəfər daxil olub, ona ekstradisiya haqda müraciətin Belarusda qəbul edildiyini deyiblər. Bu haqda təklifi imzalayarsa, onun Bakıya, sonra da İsrailə göndəriləcəyini söyləyiblər. Ancaq ona ekstradisiya qərarı haqda sənəd göstərilməyib. Xanımı bu barədə Minskdəki İsrail səfirliyinə və İsrailin Xarici İşlər Nazirliyinə müraciət edib, ərinin İsrailə göndərilməsi barədə razılaşmanın olmadığını öyrənib. Bloqqer də ekstradisiya haqda razılığa imza atmayıb və həyat yoldaşının dediyinə görə, dekabrın 26-da onu soyuq kameraya salıblar. Bloqqerin, eləcə də Minskdəki səfirliyin müraciətlərinə baxmayaraq, onun İsrail rəsmiləriylə görüşünə icazə verilməyib.
"Azadlıq Radiosu"-nun məlumatına görə, ailəsi Bakıda A.Lapshin-in həyatının təhlükə altında qalacağından qorxur.
"Azərbaycan A.Lapshin-i örnəyə çevirmək istəyir… Amma bu məsələ münasibətlərimizi əməlli-başlı korlaya bilər". Bunu İsrailin Xarici İşlər Nazirliyinin bir rəsmisi "Haaretz" qəzetinə müsahibəsində deyib. O, məsələyə nə qədər ciddi yanaşsalar da, ekstradisiyaya mane ola biləcəklərinə inanmadığını söyləyib: "Bizim Azərbaycan və Belarus hökumətinə təsirimiz məhduddur, çünki onlar ona (A.Lapshin-ə) Rusiya vətəndaşı kimi yanaşırlar".
İsrailin "Zionist Union" siyasi alyansının Knessetdəki təmsilçisi, jurnalist və siyasətçi Ksenia Svetlova Xarici İşlər Nazirliyinə müraciət edərək, bloqqerin həyatına təhlükə yarandığını deyib, hökuməti təcili tədbir görməyə çağırıb.