"Yahoo" rəhbərliyi serverinə rusiyalı hakerlərin hücum etdiyindən şübhələnir. Bunu sentyabrın 24-də "The Wall Street Journal" yazıb.
2014-cü ilin payızında şirkət serverə bir neçə qanunsuz girişə cəhd qeydə alıb. Hücum edən hakerlərin girdiyi kompüterlər Rusiya ərazisində qeydə alınıb.
"The Wall Street Journal"ın mənbələrinə görə, hakerləri Rusiyada biznes sahibi olan şəxslərlə bağlı məlumatlar maraqlandırıb.
2014-cü ildə hakerlər yarım milyard istifadəçinin məlumatlarını –elektron ünvanlarını, soyadlarını, telefon nömrələrini, doğum tarixlərini və qorunmayan parollarını ələ keçirib.
"Yahoo"dakı oğurluqla bağlı araşdırmanı ABŞ təhlükəsizlik orqanları aparır.