21 Sentyabr 2016
Mətni dəyiş
Avropa Şurasının konstitusiya hüququ üzrə ekspertləri – Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına təklif olunan dəyişiklikləri tənqid edib.
Komissiya rəyini sentyabrın 21-də açıqlayıb.
"Təklif olunan dəyişikliklərin çoxu prezidentə misli görünməmiş səlahiyyət verməklə hakimiyyət balansını kəskin poza bilər", -VK-nın rəyində bildirilir.
"Məsələn, prezidentlik mandatının beş ildən yeddi ilə artırılması əsaslandırıla bilməz, çünki prezidentin mövqeyi çox güclüdür və 2009-cu ildən bəri o, heç bir məhdudiyyətsiz təkrar seçilə bilər. Daha bir islahatla prezidentə parlamentə buraxmaq səlahiyyəti verilir. Bu, nəinki parlamentdəki fərqli fikirliləri, əsasən, səmərəsiz qüvvəyə çevirir, eləcə də məhkəmə sisteminin müstəqilliyinə təsir göstərir, çünki parlamentin hakimlərin təyin olunmasındakı rolu kiçilir", - rəydə bildirilir.
Bu il sentyabrın 26-na Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı referendum təyin olunub. Müxalifət referendumun ləğvini tələb edir, bu tələblə artıq üç aksiya keçirilib.
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir. Müxalifət bu dəyişiklikləri «mürtəce» adlandırır, hakimiyyət təmsilçiləri isə vacib, vaxtı çatmış islahatlardan ötrü edildiyini bildirir.