7 Sentyabr 2016
Mətni dəyiş
Fuad Rasulzadə
Ölkəmiz devalvasiya bu gün oldu, sabah olacaq həyəcanıyla yatıb durarkən gürcülər artıq Avropaya vizasız gedib-gələcəklər. Yəqin ki, bu gündən "Ulu Borçalı gec-tez qayıdacaq" kimi pafoslu cümlələr də Gürcüstan vətəndaşı olan azərbaycanlılar üçün öz aktualllığını itirəcək.
Təsəvvür edin, oturublar Tiflisin mərkəzində, birdən qərara gəlirlər ki, bəlkə elə bu gecə Brüsselə, Parisə dəyib qayıdaq. Qərar verirlər, durub gedib biletlərini alıb uçurlar, daha bizim kimi günlərlə viza növbəsi gözləməyəcəklər. Hələ bizim günlərlə viza gözləyib ala bilməmək ehtimalımızı demirəm. Təsadüfi deyil ki, nəinki gəzmək üçün, hətta Avropada universitetə qəbul olunsa da vizadan kəsilib oxumağa gedə bilməyən nə qədər tanışımız var.
İqtisadçılar bunun iqtisadi cəhətdən faydası haqda yəqin ki, kifayət qədər danışacaqlar. Ona görə mən iqtisadi tərəfinə toxunmayacam. (Həm də iqtisadi tərəfindən danışsam Natiq Cəfərli kimi tutub atacaqlar içəri).
Bayaq vurğuladığım kimi, dünən Borçalının tarixi Azərbaycan torpağı olub geri qayıtmasını istəyən Borçalıda yaşayanlar üçün daha Azərbaycan maraqlı deyil. Əgər onlar "ulu Borçalı bu vəziyyətdə olan Azərbaycana qayıtmasın" desələr heç birimizin onları qınamağa haqqımız yoxdu.
Bu baxımdan nə qədər banal səslənsə də keçən 23 ildə biz iqtisadi-siyasi azadlığa, iqtisadi inkişafa nail olsaydıq, monopoliyanı aradan qaldırsaydıq Qarabağda yaşayan ermənilər də Qarabağın Azərbaycanın tərkibinə qatılmasına tərəfdar olardılar, nəinki Ermənistanın tərkibində qalmasına. Bunun nümunəsinə yaxın 2004-cü ildə rast gəlmək olar.
Kipr hərəkatında qan tökmüş, savaşmış Kipr türkləri adanın birləşdirilməsi üçün referendumda "hə" desə də, yunan tərəfinin "yox" deməyi nəticəsində birləşmə baş tutmadı. Yəni, türklərin o qədər vətənpərvər olmaqlarına baxmayaraq iqtisadi inkişaf və Avropaya inteqrasiya həmin türklərin yunan bayrağı altında birləşmək istəklərinə əngəl ola bilməmişdi.
Sözümün canı odur ki, bütün problemlərimizin həlli azadlıqdan keçir. Hərtərəfli azadlıqdan. Necə deyərlər, qarşınıza azadlıq, yaxud yaxşı yaşamaq seçimi qoysalar azadlığı seçsəz hər ikisini əldə edəcəksiz, azadlığı seçməsəniz azadlığı da itirmiş olacaqsınız, gec-tez yaxşı şəraiti də.
P.S: Yavaş-yavaş qonşumuz İran da inteqrasiya yolunda ciddi islahatlara başlayıb, bir azdan orda da vəziyyət yaxşılaşsa "Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun" cümləsi də arxivə gedəcək.