1 Oktyabr 2016
Mətni dəyiş
“Rüfət Səfərovun saxlandığı kameranın pəncərəsi qırıqdır, müraciət edilsə də, təcridxana rəhbərliyi heç bir addım atmır”.
Həbsdə olan keçmiş müstəntiq R.Səfərovun atası Eldar Sabiroğlunun sentyabrın 30-da yaydığı müraciətdə belə deyilir.
Müraciətdə qeyd edilir ki, bu haqda evə zəng vuran R.Səfərovun özü məlumat verib.
“O, mənə bərk soyuqladığını və hal-hazırda temperatura altında olduğunu bildirdi”, müraciətdə qeyd edilir.
Atasının yazmasına görə, R.Səfərov bildirib ki, qaldığı kameranın pəncərəsinin şüşəsi olmadığından, gecələr soyuqdan, küləyin səsindən yata bilmir. Dəfələrlə pəncərəyə şüşə salınması barədə müraciət etsə də, buna əhəmiyyət verən olmayıb. Təcridxanada şüşənin olmadığı onun nəzərinə çatdırılıb.
“Biz hansı dövrdə yaşayırıq, dustağı beləmi şəraitdə saxlayırlar? Mən qətiyyən inana bilmərəm ki, o böyüklükdə təcridxanada pəncərəni örtə biləcək adi şüşə təbəqəsi olmasın. Çox güman ki, bunu bilərəkdən edirlər və bununla Rüfəti işgəncə altında saxlamaqla ona təzyiqlər göstərirlər”, deyə E.Sabiroğlu müraciətində yazır.
E.Sabiroğlu oğlu ilə ailəsinin görüşlərinə də maneçilik yaradıldığını yazıb:
“Başqaları üçün həftədə iki dəfə olduğu halda, Rüfətlə görüşə həftədə bir dəfə icazə verilir. Dustağa göstərilən bu münasibət ölkədə bəyan edilən insan hüquq və azadlıqlarının müdafiəsi ilə bir araya sığmır”.
E.Sabiroğlu Penitensiar Xidmətin rəhbərliyindən R.Səfərova qarşı qanuni rəftar edilməsini xahiş edib.
Xatırladaq ki, R. Səfərov ötən il dekabrın 20-də ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Bundan dərhal sonra Zərdab rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılmışdı.
Yanvarın 15-də isə R.Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş və o, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.
R.Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzasına məhkum edilib.
Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.