24 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycanda referendumqabağı təşviqatın müddəti sabah başa çatır.
Qanunvericiliyin tələblərinə görə, referendumla bağlı təşviqatı qeydə alınmış təşviqat qrupları apara bilər.
Ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) Təqvim Planına əsasən, təşviqat sentyabrın 3-də başlayıb və sentyabrın 25-də dayandırılır.
Mərkəzi Seçki Komissiyası üç təşviqat qrupunu qeydə almışdı. Bunlar "Yeni Azərbaycan", "Bələdiyyə" və "Vətəndaş Cəmiyyəti" təşviqat qruplarıdır. Hər üç qrup Konstitusiyaya dəyişikliklərini dəstəkləyir. Onlar təşviqatla bağlı ödənişsiz efirdən imtina edib.
Dəyişikliklərin əleyhinə təşviqat aparmaq istəyən Müsavat Partiyasının yaratdığı "Respublika" qrupunu Mərkəzi Seçki Komissiyası imza yetərsayının azlığını səbəb gətirərək qeydə almamışdı.
Müsavat bunu «qəsdən müxalifəti təşviqat kampaniyasından uzaqlaşdırmaq cəhdi» kimi qiymətləndirmişdi.
Konstitusiyaya dəyişikliklərdə prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması, prezidentə parlamenti buraxmaq və yeni seçkilər təyin etmək hüququnun verilməsi, birinci vitse-prezident və vitse-prezident institutunun tətbiqi, parlament üzvlüyünə və prezidentliyə namizədlərə yaş senzinin aradan qaldırılması və s. nəzərdə tutulur.
Bəzi ekspertlər hesab edirlər ki, Konstitusiya dəyişiklikləri ölkədə avtoritarizmi gücləndirəcək, özəl mülkiyyətə problemlər yaradacaq.