Nardaran olaylarına görə həbs olunanlardan Sahil Rzayev Bakı Apelyasiya Məhkəməsinə vəkillərindən əlavə şikayət təqdim edib.
O, şikayətində saxlanılmasının tarixçəsindən və üzləşdiyi rəftardan bəhs edir.
Bu haqda onun vəkillərindən Elçin Sadıqov məlumat verib. Vəkil S.Rzayevin işgəncələrə məruz qalmasının detalları haqda məhkəmə zamanı açıqlama verəcəyini bildirib.
S.Rzayev məhkəməyə ünvanladığı apelyasiya şikayətində isə qeyd edir ki, ötən il noyabrın 5-də, “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun saxlandığı Sabunçu Rayon Polis İdarəsinin qarşısında polislərin hücumuna məruz qalıb.
“Əllərimizi qandallayıb üzüaşağı uzatdılar...”
“Başıma zərbə vurduqları üçün huşumu itirmişdim. İdarənin içində ayılanda çox sayda dindarın tutulduğunu gördüm. Saxlanılan bütün dindarların əllərini arxadan qandallayıb üzüaşağı uzatdılar. Polislər idarənin hər hansı bir otağına keçmək istədikdə üstümüzə çıxıb əzə-əzə keçirdilər”, şikayətdə qeyd olunur.
O daha sonra yazır:
“Cibimdən 5 ədəd “Müsəlman Birliyi” Hərəkatına aid olan üzvlük kartı çıxartdılar. Bu kartları gördükdən sonra idarənin təxminən 10 işçisi məni əli qandallı qan qusana qədər döydülər. İdarənin ikinci mərtəbəsində, rəisin otağının giriş hissəsində üzüaşağı uzatdılar. Otağa girib-çıxan bütün polislər başıma vurub keçirdilər”, S.Rzayev şikayətində yazır.
Şikayətdə həmçinin qeyd edilir ki, həmin gün saxlanılan səkkiz nəfərə - Lətif Əhmədova, Niftəli Vəliyevə, Elvin Bünyadova, Anar Əliyevə, Elxan İsgəndərova, Elçin Qasımova, Ağaəli Yahyayevə və Teymur Osmanova polisə müqavimət, xuliqanlıq ittihamı ilə cinayət işi açılıb. Bir gün sonra isə cinayət işini ləğv edib, saxlanılanları sutkalıq həbsə göndəriblər.
Polis rəisinin təklifi...
Noyabrın 20-də Sahil Rzayev yazmasına görə, Elvin Bünyadov və Teymur Osmanovla birgə azad olunub. Həbsdən çıxıb yaşadığı Lənkərana gedən S.Rzayev Nardaran olaylarına görə, rayondaca saxlanılıb. Onu Bakıya gətirib, Yasamal Rayon Polis İdarəsinə təhvil veriblər.
Şikayətdə qeyd olunur ki, polisdə iki təklif alıb:
“Mənə dedilər ki, sənə maşın, ev veririk və aylıq maaşa salırıq. Bu şərtlə razılaşıb, ya bizimlə birgə işləyəcəksən, ya da səni uzun müddətli həbsə göndərəcəyik”. Onların təklif etdiyi birinci şərti qəbul etmədiyim üçün məni yenidən “polisə müqavimət” adı ilə 25 sutka həbs etdilər. Sutkanın sonuncu günü dekabr ayının 10-da Bakı şəhər Baş Polis İdarəsinin cinayət-axtarış bölməsinin əməkdaşı məni Binəqədidə qəbul etdi, həmin təklifi orada da verdilər”.
Şikayətçi nəql edir ki, təklifi qəbul etmədiyindən ona Cinayət Məcəlləsinin 315.2 və 221.2-ci maddələri ilə cinayət işi açılıb. Sonradan 221.2-ci maddəni ləğv edilib, yerinə 233-cü (icazəsiz mitinq) maddə əlavə olunub.
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
S.Rzayev məhkəmənin heç bir sübut, dəlil olmadan hökm verdiyini qeyd edir. O, məhkəmənin Sabunçu Rayon Polis İdarəsinin təhlükəsizlik kameralarındakı çəkilişləri tələb etmədiyini, gərəkli araşdırmalar aparmadığını vurğulayır.
Vəkilləri S.Rzayev və digərləri barədə Sabunçu Rayon Məhkəməsinin hökmünün ləğv edilməsini tələb edirlər.
Dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatının üzvləri Sahil Rzayev, Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanov Nardaran olayları zamanı həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.
Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün, N.Vəliyevi 5 il 11 ay 10 gün, A.Əliyevi 5 il 11 ay, E.Bünyadovu 6 il 1 ay 15 gün, L.Əhmədovu 5 il 11 ay 20 gün, T.Osmanovu isə 5 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edib.
Həmin hökmdən verilən apelyasiya şikayətinə sentyabrın 23-də baxılacaq.
Ancaq hüquq mühafizə orqanları əməkdaşları Nardaran olaylarına görə keçirilən məhkəmələrdə tutulanlara işgəncələr verilməsi haqda deyilənləri təkzib ediblər.
[caption id="attachment_9818" align="alignnone" width="987"]
Nardaran məhbusundan məhkəməyə əlavə şikayət məktubu (1-ci hissə)[/caption]
[caption id="attachment_9819" align="alignnone" width="610"]
Nardaran məhbusundan məhkəməyə əlavə şikayət məktubu (2-ci hissə)[/caption]