Milli Şura 26 sentyabr referendumu ilə bağlı seçicilərə müraciət edərək, onları səsverməni boykot etməyə çağırıb. Müraciəti təqdim edirik.
Əziz həmvətənlər! Sentyabrın 26-da Azərbaycanın müstəqillik tarixində olduqca mühüm bir hadisə baş verməlidir. Ölkəni orta əsrlər təfəkkürü ilə idarə edənlər xalqımızı, dövlətimizi rəsmən monarxiya quruluşuna qaytarmaq istəyirlər. Bu məqsədlə Konstitusiyaya dəyişiklikləri səsverməyə çıxarıblar. Sentyabrın 26-da Azərbaycan xalqı adından onun öz hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun, ifadə və toplaşma azadlığının, istədiyi siyasi qüvvəni özünə hakimiyyət seçmək hüququnun qanunla məhdudlaşdırılmasına könüllü razılıq verdiyini elan etməyə hazırlaşırlar.
Əziz seçicilər, bəli, bir daha xatırladırıq ki, Konstitusiyaya təkilf edilən dəyişikliklər onun özünə ziddir, başlıca məqsədi 23 ildir faktiki tətbiq edilən ailə hakimiyyətini qanuniləşdirməkdir. Dəyişikliklərə əsasən, vətəndaşlar istənilən vaxt mülkiyyət hüququndan məhrum edilə, istənilən şəxs seçkisiz və parlamentin razılığı olmadan prezident səlahiyyətlərinə yiyələnə, ölkə başçısı istədiyi vaxt parlamenti buraxa, yeni prezident seçkisi təyin edə bilər. Prezidentlik üçün yaş məhdudiyyəti olmayacaq, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılacaq, parlamentə seçilmək üçün yaş senzi 18-ə endiriləcək. Bütün bunlar Əliyevlər ailəsinin daimi hakimiyyətdə qalmasına hüquqi təminat yaratmaq üçün düşünülüb.
Məhz belə anti-Konstitusion və beynəlxalq hüquq normalarına, o cümlədən Azərbaycanın əməl edəcəyi barədə öhdəlik götürərək qoşulduğu hüquqi aktlara zidd olduğuna görə Avropa Şurasının Venesiya Komissiyası bu dəyişikliklərə mənfi rəy verib. Eyni zamanda ABŞ Konqresinin nümayəndələri də referenduma çıxarılan dəyişikliklərin qəbul edilməz olduğunu bildiriblər. Beləliklə, Azərbaycanın demokratik ictimaiyyəti ilə yanaşı, beynəlxalq birlik də bu referendumun nəticələrini bəri başdan qəbul etməmiş olub.
Dəyərli yurddaşlar. Xalqımız belə geriçi, monarxiya quruluşlu sistemə layiq deyil. Bizim babalarımız hələ 20-ci əsrin əvvəllərində Şərqdə ilk Cümhuriyyəti qurub, indiki inkişaf etmiş Qərb dövlətlərinə xas demokratik norma və prinsipləri onlardan xeyli qabaq ictima-siyasi sistemdə, dövlət-cəmiyyət münasibətlərində tətbiq edib. Bizlər adı tarixə “xalqlar həbsxanası” kimi düşmüş SSRİ dağılan ərəfədə də yüzminlər olaraq meydanda Vətənimizin müstəqilliyi ilə yanaşı, həm də demokratiya tələbləri ilə mübarizə aparmışıq. Bizlər 1992-93-cü illərdə Əbülfəz Elçibəyin prezidentliyi ilə demokratik idarəçiliyin ilkin bəhrələrini də dadmışıq. İndi bütöv bir xalqı və dövləti özünün əbədi hakimiyyət ehtirasına qurban vermək istəyən Əliyevlər sülaləsi tarixdən üzü bəri gələn bütün bu nailiyyətlərimizi və ideyallarımızı darmadağın etməyə hazırlaşır. Bizlər bir yumruq kimi birləşərək buna imkan verməməliyik.
Bəli, seçici hüququnda olan əziz həmvətənlər, bu xalqın var-dövlətini də, səsini də oğurlamağa alışmış yalançı, saxtakar hakimiyyət referenduma çıxarılan təkliflərə sizlərin seçki məntəqələrində necə münasibət bildirəcəyinizə məhəl qoymayacaq. Xislətinə və ənənəsinə sadiq qalaraq, bu səsvermənin də nəticələrini saxtalaşdıracaq. Hətta sizlər iştirak etməyəcəyiniz təqdirdə də əvvəldən nəzərdə tutduqları rəqəmləri referendumda seçicilərin iştirak və dəyişikliklərin lehinə verilmiş səs faizləri kimi elan edəcəklər. Bütün bunlar doğrudur. Lakin biz sizi, əziz seçicilər, bu referendumu elliklə boykot etməyə çağırırıq. Sizi səsləyirik ki, sözü bir yerə qoyub, hamınız bir nəfər kimi seçki məntəqələrinə getməyəsiz. Qoy vicdanınız, xalqımız və gələcək nəsillər qarşısında alnınız açıq, üzünüz ağ olsun. Seçki məntəqələrinə getməklə xalqımızın, deməli, həm də sizin hər birinizin gələcəyinə yönələn qəsdin iştirakçısı olmayın. Qoy sizlərin yerinə bu saxtakarlar boş bülletenləri qutulara doldursun, saxta protokollar hazırlayıb istədikləri rəqəmləri elan etsinlər. Qoy vicdanını itirmişlər daha bir seçki cinayətinə bulaşsınlar, xalqın haqqına girsinlər. Sizlər mütəşəkkil boykotunuzla bu tarixi ləkəni onların üzərində buraxın. Əmin olun, bu mənfur referendum hoqqası ilə nə xalqımız, nə də dünya birliyi barışacaq. Onun qəbul edilməz nəticələri heç bir halda tanınmayacaq və çox tezliklə silinərək tarixin çöplüyünə atılacaq.