24 Sentyabr 2016
Mətni dəyiş
Yeni Azərbaycan Partiyasının (YAP) rəsmisi Venesiya Kommissiyasının Azərbaycan referendumunda təklif edilən Konstitusiya dəyişikliklərinə aid rəyini "tələsik" və "qeyri peşəkar" adlandırıb.
YAP İcra Katibliyinin şöbə müdiri, millət vəkili Aydın Mirzəzadə Venesiya Komissiyasının (VK) Konstitusiya dəyişikliklərinə aid rəyini hazırladığı müddətdə Azərbaycan tərəfi ilə hər hansı bir əlaqə saxlamaq istəmədiyini qeyd edib.
Sentyabrın 22-də Venesiya Kommissiyası Azərbaycan Konstitusiyasına prezident tərəfindən təklif edilən dəyişikliklərlə bağlı rəyini açıqlayıb.
Rəy sənədində parlamentin referenduma dəyişikliklərin müzakirəsinə cəlb edilməməsi, ifadə azadlığı, birləşmə azadlığı və sərbəst toplaşma azadlığına təklif edilən yeni məhdudiyyətlər və digər məsələlər tənqid edilib.
"Venesiya Komissiyası rəydə insan hüquqları ilə bağlı edilən dəyişikliklərin heç birinə rəy bildirmir", - deyə Aydın Mirzəzadə söyləyib.
Millət vəkili əlavə edib ki, Azərbaycanın konstitusiyanı dəyişmə praktikası Avropa ölkələrinin konstitusiya dəyişmə praktikasından daha demokratikdir.
Onun sözlərinə görə, Azərbaycan dəyişiklikləri hazırlayarkən komissiyanın əvvəlki rəy və təlimatlarını nəzərə alıb.
Venesiya Kommissiyasının Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər barədə rəy sənədində V fəsil tamamilə insan haqları barədə 14 Konstitusiya maddəsinə aiddir.
Azərbaycan hökümətinin təklif etdiyi Konstitusiya dəyişikliklərinin ictimai müzakirəsinə gəldikdə, Komissiya parlamentin müzakirəyə cəlb edilməməsinə təəssüfləndiyini bildirib. VK bunu qanuni saysa da, "demokratiyanın müasir anlamında, konstitusiya dəyişiklikləri üçün parlament ən müvafiq arenadır" deyib.
Bundan əlavə, təklif edilən dəyişikliklərin mürəkkəbliyini vurğulayaraq, Komissiya təkliflə referendum arasındakı müddətin parlament, vətəndaş cəmiyyəti və ekspertlərin təklifləri müzakirə etmələrinə kifayət qədər vaxt vermədiyini bildirib.
Aydın Mirzəzadə bu rəylə razı olmadığını bildirib: "VK bu fikri irəli sürərkən parlamentli respublikaların təcrübəsini əsas götürür".
Həmçinin o, layihənin irəli sürülməsiylə referendum arasındakı üç ayın dəyişikliklərlə bağlı cəmiyyətdə geniş müzakirələr üçün "kifayət" olduğunu deyib.
"Bu üç ay ərzində, cəmiyyətin bütün təbəqələri bu məsələ barəsində öz fikirini bildirdi və böyük əksəriyyəti dəyişikliklərin, əlavələrin lehine çıxdı."
A.Mirzəzadə onu da əlavə edib ki, dəyişikliklərin əleyhinə çıxanlar da olub:
"Kütləvi aksiyalar keçirərək, tərəfdarlarına referenduma gedərək onun əleyhinə səs verməyə çağırdılar. Hakimiyyət də onların fərqli fikir bildirmə hüququnu qoruyub və bundan sonra da qoruyacaq".