28 Sentyabr 2016
Mətni dəyiş
ABŞ Helsinki Komissiyasının həmsədri Chris Smith Azərbaycanda Konstitusiya dəyişikliklərinə dair sentyabrın 26-da keçirilmiş referendum barədə verdiyi bəyanatda bildirib ki, bu səsvermə Azərbaycan prezidentinin hesabatlılığının azaldılmasına hesablanıb və “referendum onun son nəticəsindən asılı olmayaraq legitimsizlik prosesinin kulminasiyası olub”.
Bəyanatda deyilir ki, Azərbaycan hökuməti bu mühüm dəyişiklikləri tələsik səsverməyə çıxarmaqla Azərbaycan xalqını bu məsələlər barədə azad debat aparmaq kimi təməl haqqından məhrum edib.
Konqresmen Chris Smith xatırladıb ki, hökumətin planlaşdırdığı dəyişikliklərin əleyhinə olan fəallar və jurnalistlər həbslər və təqiblərə məruz qalıblar.
Bəyanatda deyilir ki, cəmi bir il bundan əvvəl rəsmi Bakı parlament seçkilərinin ATƏT-in seçki müşahidəçiləri tərəfindən montorinqini bloklamaqla Azərbaycan xalqının ATƏT öhdəliklərinə uyğun şəkildə səs verməsinin qarşısını almışdı.
“Mən dərindən narahatam ki, bu qeyri-legitim proses azərbaycanlıların layiq olduqları və gözlədikləri demokratik gələcəyi daha da yubadacaq” – deyib cənab Smith.
ABŞ Helsinki Komissiyasının rəhbəri Azərbaycan hökumətini bütün vicdan məhbuslarını azad etməyə, onlara və onların şərti cəza almış həmkarlarına qarşı səfər qadağanının qaldırılmasına çağırıb.
Sentyabrın 8-də cənab Smith və Konqresin başqa üzvləri Azərbaycan hökumətinin hazırladığı təkliflərlə bağlı prezident İlham Əliyevə məktub yazmışdılar.
Bundan əvvəl, 2015-ci ilin dekabrında sədr Smith Azərbycan rəsmilərinə qarşı maliyyə və viza sanksiyaları nəzərdə tutan qanun layihəsini Konqresə təqdim etmişdi.