30 Sentyabr 2016
Mətni dəyiş
"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev sentyabrın 29-da ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri William Solly ilə görüşüb.
Bu barədə Oqtay Gülalıyevin özü məlumat verib.
Onun sözlərinə görə, görüşdə insan hüquqlarının vəziyyəti və digər məsələlər müzakirə olunub: "Ölkədə insan haqları kütləvi şəkildə tapdanır. Təkcə bu il 26 sentyabr referendumu öncəsi 200 nəfərdən çox şəxs polis tərəfindən saxlanıb. Onlardan bir çoxu inzibatı həbs cəzasına məruz qalıblar".
O.Gülalıyev deyir ki, hazırda ölkə həbsxanalarında 150-dən çox siyasi məhbus var. O, həmin şəxslərdən bir çoxunun dindar kəsimə mənsub olduqlarını ABŞ diplomatına çatdırıb: "Keçən il noyabrının 26-da Nardaranda həbs olunan şəxslər, başda Hacı Taleh Bağırov və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı olmaqla, dövlət əleyhinə hər hansı qanuna zidd hərəkət etməyiblər. Əksinə, dövlətin adından və gücündən istifadə edənlər dinc, günahsız insanları həbs edib, onlara ağır işgəncələr verib".
O.Gülalıyev deyib ki, təmsil etdiyi təşkilat "Nardaran işi" ilə bağlı həbs olunan bütün şəxslərin günahsız olduğu qənaətindədir və onların hamısını siyasi məhbus hesab edir.
O.Gülalıyev onun özünün ölkədən çıxışına qoyulan qadağa ilə də bağlı diplomatı məlumatlandırıb.
Azərbaycan hakimiyyətinin rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmır. Onlar qeyd edirlər ki, həmin şəxslər törətdikləri əməllərinə görə məsuliyyətə cəlb olunublar.
Üstəlik, hüquq-mühafizə orqanlarının əməkdaşları Nardaran hadisələri zamanı həbs edilənlərə işgəncələrin verilməsini təkzib edirlər.