"Hazırda ifadə azadlığına görə azı 12 nəfər həbsdədir"

"Hazırda ifadə azadlığına görə azı 12 nəfər həbsdədir"
27 Sentyabr 2016
Mətni dəyiş
2015-ci ilin sonunda, 2016-cı ildə Azərbaycanda ifadə azadlığının durumu daha da pisləşib. 2014-cü ildən fəaliyyətini dayandırmış Media Hüququ İnstitutunun yaydığı aralıq hesabatda belə deyilir.
Qurumun rəhbəri Rəşid Hacılı bildirib ki, ifadə azadlığı hüququnun durumunun monitorinqini və periodik hesabatları hazırlayıb yayacaqlar.
Hesabatda bildirilir ki, 2016-cı ilin əvvəlindən başlayaraq 7 tanınmış jurnalist, bloqçu uzunmüddətli həbs cəzalarından tam və ya şərti azad edilib. Ancaq bununla yanaşı hazırda ifadə azadlığından istifadənin qurbanı olan azı daha 12 şəxs həbsdə qalmaqda davam edir. Onların bəziləri məhkəməyəqədər həbs edilib, bəziləri isə uzunmüddətli cinayət cəzalarını çəkməkdə davam edirlər.
Həbsdə olanlar İlkin Rüstəmzadə, Əbdül Əbilov, Seymur Həzi, Fərəc Kərimov, Rəşad Ramazanov, Fuad Qəhrəmanlı, Araz Quliyev, Nicat Əliyev, Tofiq Həsənov, Ərşad İbrahimov, Fikrət Fərəməzöğlu, habelə Faiq Əmirlidir. Jurnalistlər Mehman Hüseynov, Qulu Məhərrəmli, Elçin Həsənov, Əkrəm Əylisli, Elnur Məhərrəmli, Şirin Cəfəri barəsində isə cinayət istintaqı davam edir.
Sənəddə qeyd edilir ki, ictimai önəmli toplantılarda, aksiyalarda peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin basqılara məruz qalmaları ən çox müşahidə olunan tendensiyaların önündə dayanır.
“Hökuməti tənqid edən məlumatların yayıldığı media qurumlarının - “Turan” İnformasiya Agentliyinin, “Azadlıq” qəzetinin, Meydan TV-nin əməkdaşları ictimai önəmli olaylardan bilgi toplayarkən dəfələrlə basqıya məruz qalıblar. Tənqidi yazıları ilə tanınan jurnalistlərin çalışması üçün mühit əlverişli deyil. Belə jurnalistlər periodik olaraq hədə-təhdidlərə, psixoloji basqılara məruz qalırlar”, hesabatda deyilir.
Sənəddə həmçinin, ötən illərdə jurnalistlərə qarşı törədilən fiziki, psixoloji basqı faktlarının ədalətli araşdırmasının dalana dirəndiyi vurğulanır. Jurnalistlərə basqı edənlər məsuliyyətə cəlb edilməyib, jurnalist ölümləri araşdırılmamış qalıb.
Jurnalistlərin gözlərini qorxutmaq məqsədilə çək-çevir edilməsi halları da son bir ildə davam edib. Sənəddə deyilir ki, bir neçə jurnalist Baş Prokurorluğa çağrılaraq onlara yazılarına görə xəbərdarlıq edilib. “Azadlıq” qəzetinin baş redaktoru əvəzi Rahim Hacıyev və qəzetin başqa əməkdaşları, qaynar.info saytının rəhbəri Zahir Əzəmət, jurnalist Anar Niftəliyev, "Meydan TV" ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlər Natiq Cavadlı, Aytac Əhmədova və digərləri, habelə Müstəqil İnformasiya Agentliyi (mia.az), Jurnalist Araşdırma Mərkəzinin rəhbərləri, Arqument.az saytının rəhbəri Şəmşad Ağa Baş Prokurorluğa çağırılaraq sorğu sual edilib. Bundan başqa, müxtəlif vaxtlarda jurnalistlər Elnur Muxtar və Ramin Deko, P.S.Nota qəzetinin və saytının baş redaktoru Sərdar Əlibəyli, bloqqer Mehman Hüseynov izahat verilmədən polisə aparılıblar.
Hesabatda böhtan və təhqirə görə cinayət məsuliyyətinin hələ də saxlandığı vurğulanır.
“Məhkəmə təcrübəsində deffamasiyaya görə azadlıqdan məhrumetmə cəzalarının verilməsi halları kiçik istisnalarla aradan qalxsa da, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələrindən geniş istifadə olunur. Həbs cəzaları əvəzinə alternativ cərimə, islah işləri, ictimai işlər kimi cəzalardan geniş istifadə olunur. Jurnalistlərin defamasiya ittihamları əsasında həbs edilməsi halı qeydə alınmayıb. Məhkəmə işlərinin arasında əsas yeri yenə də defamasiyaya görə qaldırılan xüsusi ittiham qaydasında şikayətlər və iddialar tutur. 2016-cı ildə mediaya qarşı böhtana, təhqirə, şəxsi həyat məzmunlu informasiyaların yayılmasına görə azı 24 məhkəmə iddiası (şikayəti) qaldırılıb”, hesabatda qeyd edilir.
Sənəddə qeyd edilir ki, televiziya və radio yayımı sahəsində ifadə azadlığının durumu pisləşməkdə davam edib.
Hesabata görə, bütün TV və radio yayımları üzərində birbaşa və ya dolayı yollarla siyasi və ideoloji, eləcə də maliyyə kontrolu daha da güclənib. İctimai Yayım Şirkəti formal olaraq müstəqil sayılsa da, hökumət onun Yayım Şurasına, Baş direktorunun və digər məsul şəxslərinin təyinatına, yayım siyasətinə tam nəzarət edir. İctimai Yayımın xəbər siyasəti hökumətin propoqanda aləti olan AzTV-dən heç nə ilə fərqlənmir.
Sənəddə həmçinin, Teleradio Şurasının iyulda qanuni əsaslar olmadan ANS-in fəaliyyətini 1 ay müddətinə dayandırdığı vurğulanır.
“MTRŞ eyni zamanda ANS-in lisenziyasına xitam vermək üçün məhkəməyə müraciət etdi. MTRŞ qərarını onunla əsaslandırdı ki, ANS iyunun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi ilə bağlı xəbərlərində Türkiyə hakimiyyətinin rəsmi mövqeyindən fərqli rəylərin yayımlanmasına yol verib və bununla terrorizmə dəstək verib”.
Hesabatda ANS telekanalının qapadılmasının ifadə azadlığının məhdudlaşdıdılmasının tipik nümunəsi olduğu vurğulanır.
Sənəddə informasiya əldə etmək hüququnun durumuna da yer ayrılıb. Hesabata görə, media, jurnalistlərin bilgi əldə etmək imkanları çox aşağıdır. Əllərində xeyli qanuni mexanizmlər olsa da onları reallaşdırmaq çətindir. “İnformasiya əldə edilməsi haqqında” Qanunun işləyişi problemlidir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun