23 Sentyabr 2016
Mətni dəyiş
Son günlər həyata keçirilən həbslər və siyasi təqiblərlə bağlı Müsavat Partiyası bəyanat qəbul edib.
Sənəddə deyilir:
"Azərbaycan hakimiyyəti 26 sentyabr tarixə təyin edilmiş referendum ərəfəsində apardığı repressiya siyasətini davam etdirir.
Referendum elan edildikdən dərhal sonra başlayan həbslər, təzyiqlər imza toplanması kampaniyası dövründə daha da artıb. Müsavat Partiyasının imza toplayan üzvləri yerli polis orqanları, Dövlət Təhlükəsizlik Xidmətinin yerli şöbələri tərəfindən təzyiqlərə məruz qaldılar, həbslə hədələndilər.
Müsavat Partiyasının referendumla bağlı kampaniya çərçivəsində 18 sentyabr 2016-cı ildə keçirdiyi mitinqdən əvvəl və mitinqdən sonra da bu cür təzyiqlər davam edir.
Sentyabrın 21-də Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı Qaradağ rayon polis idarəsinə çağırılaraq orada 4 saatdan artıq qanunsuz saxlanılıb.
Divan üzvü İkram İsrafilin Mingəçevirdə yaşayan yaxın qohumu Rizvan Qurbanov, Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü Pərvin İsrafilin feysbuk yazılarına və referendum kampaniyasında fəaliyyətinə görə yerli hakimiyyət tərəfindən hədələnib və 20 sutka həbs edilib. Bu gün Rizvan Qurbanovun digər qohumlarına yenidən təzyiq edilir. Tələb edilir ki, Risvan Qurbanovun onun hüquqlarını müdafiə edən vəkili Əsabəli Mustafayevin hüquqi xidmətindən və Apellyasiya şikayətindən imtina etsin. Əks təqdirdə həm Rizvan Qurbanov, həm də onun qohumları üçün "daha da pis tədbirlər" görüləcəyi bildirilir.
Müsavat Partiyası həyata keçirilən repressiyaları referendum ərəfəsində ölkə əhalisində xof yaratmaq cəhdi kimi dəyərləndirərək, hakimiyyətin bu repressiyalarını qətiyyətlə pisləyir, Rizvan Qurbanovun və bütün qanunsuz həbs olunanların dərhal azad edilməsini, hakimiyyətdən bu repressiyalara son qoyulmasını tələb edir".