1 Oktyabr 2016
Mətni dəyiş
"Fuad Əhmədlinin səhhətində problemlər var, ciddi müalicə alması lazımdır".
Bu sözləri həbsdə olan AXCP üzvü Fuad Əhmədlinin vəkili Əshabəli Mustafayev deyib. O, sentyabrın 29-da F. Əhmədli ilə görüşüb.
Vəkilin sözlərinə görə, F.Əhmədlinin həbsindən ay yarıma qədər vaxt keçməsinə baxmayaraq, hər hansı istintaq hərəkəti aparılmır: «Həbsdən sonrakı ilk iki günü istisna etsək, indiyə kimi heç bir istintaq hərəkəti aparılmayıb», -deyə vəkil bildirib.
Xatırladaq ki, Fuad Əhmədli bu il avqustun 18-də saxlanıb. O, Cinayət Məcəlləsinin 302.1-ci (axtarış-əməliyyat tədbirlərini pozmaq) və 308-2-ci (səlahiyyət həddini aşmaq) maddəsi ilə ittiham edilir. F.Əhmədli «Aztelekom»da operator vəzifəsində çalışıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Üstəlik, istintaq orqanlarının iddiasına görə, F.Əhmədlinin yaşadığı evdə axtarış aparılan zaman oradan bu il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılan Fethullah Gülen-in əsərləri tapılıb. Vəkil isə bütün ittihamları rədd edir. AXCP-nin yaydığı bəyanatda bildirilirdi ki, hakimiyyət Fethullah Gülen amilindən öz rəqiblərini vurmaqdan ötrü istifadə edir.
Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in özü də Türkiyədə dövlət çevrilişini himayə etməsi ilə bağlı iddiaları yalanlayıb.