22 Sentyabr 2016
Mətni dəyiş
Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı prezident İlham Əliyevin sentyabrın 20-də Avropa Parlamentinin nümayəndələri ilə görüşdə onlarla bağlı söylədiklərini şərh edib.
Təşkilatın fəaliyyətdə olan prezidenti Daniel Calingeart öz bəyanatında İlham Əliyev hökumətini sərt tənqid edib:
“Prezident İlham Əliyev son 10 ildə Azərbaycanda insan haqlarının dəhşətli durumu, vətəndaş cəmiyyəti fəallarının və bütün siyasi müxalifətin həbsi üçün ən məsul şəxsdir”.
Daniel Calingeart bəyanatında “Freedom House”un Azərbaycanla bağlı çalışmalarını davam etdirəcəyini vurğulayıb.
“Freedom House Əliyevlərin başında dayandığı hökumətin insan hüquq və azadlıqlarını pozması hallarına daha artıq diqqət cəlb edən çalışmalarını həyata keçirməyə davam edəcək”, bəyanatda bildirilir.
"İlham Əliyev ötən onillikdə sivil cəmiyyət fəallarının heç bir əsassız həbs edilməsində və siyasi fikir ayrılıqlarının boğulmasında ən çox məsuliyyət daşıyan adamdır. Əliyev saxta seçkilər sayəsində hakimiyyətdə qalmış və bu dövrdə onun ailə üzvləri varlanmışlar”, - deyə Calingeart qeyd edib.
Prezident İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul etmişdi. Həmin görüşdə ölkə başçısı Freedom House təşkilatını qərəzdə günahlandırmışdı:
“"Freedom House" ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır. Uzun illər “Freedom House”un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub. Deyim ki, “Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir”.
Qeyd edək ki, Azərbaycan prezidenti və digər dövlət rəsmiləri tez-tez beynəlxalq insan haqları təşkilatlarını ermənipərəstlikdə ittiham edir və insan haqları pozuntularına dair tənqidləri rədd edirlər.