5 Sentyabr 2016
Mətni dəyiş
Cəmil Həsənli
“Nardaran işi” ilə bağlı məhkəmə prosesi şok hadisələrlə cəmiyyəti heyrətləndirir. Xalq arasında “Bandotdel” kimi tanınan idarənin əməkdaşlarının törətdiyi qəddarlıq, insan ölümü ilə müşayiət edilən əməllərinin hər dəfə yeni təfərrüatları aşkarlanır.
“Bandotdelin” əməliyyat müvəkkili Şahlar Cəfərov zərərçəkmiş və şahid qismində dindirilərkən həyəcanlı anlar yaşanır. Doğrusu, son illərdə Azərbaycan cəmiyyəti DİN-in içərisində bəslənən Hacı Məmmədovun insan oğurluğu və qətlləri ilə bağlı cinayət detektivin şahidi olub. Keçmiş MTN-də Akif Çovdarovun işgəncə imperiyası, Hilal Əsədovun ipək sapla müxalifətə qarşı toxuduğu hiylə toru ölkənin təhlükəsizliyinə cavabdeh olan bir dövlət orqanının mahiyyətini ortaya qoydu.
“Nardaran işi” isə haqqında əfsanələr dolanan “Bandotdelin” işgəncə, zülm, özbaşınalıq, qanuna zidd əməllərini ortaya qoyur, DİN-in daxilində yeni bir qanunsuz əməllərin mövcudluğunu nümayiş etdirir. Şahlar Cəfərov məhkəmə zalına girən kimi sanki özü ilə bərabər Nardaran məhbusları üzərində törətdiyi işgəncə və insan əzablarını da zala gətirdi. Onu görən təqsirləndirilən şəxslər “bandotdel”də onlara dəhşətli işgəncə verənlərdən birinin məhz ciyinlərində müstəqil dövlətin rütbəsini daşıyan Şahlar Cəfərov olduğunu bildiriblər.
Təqsirləndirilən şəxslər elə zaldaca onun üzünə dedilər ki, “Bu, cəlladdır, azərbaycanlı deyil. Bu elə hərəkətlər eləyib ki, normal azərbaycanlı onları eləməz… Bizi apardıqları mebel maşınında bu, xüsusilə fəallıq edirdi, canfəşanlıq edirdi. Ən çox qansızlıq, yırtıcılıq edənlərdən biri budur. Fərahimin (mebel maşınında döyülərək öldürülmüş Fərahim Bünyadov nəzərdə tutulur) qollarını arxadan bağlamaq istəyirdilər. Başına avtomatın qundağı ilə o qədər vurdular ki, axırda “Allahu Əkbər” deyə-deyə can verdi gözümüzün qabağında”.
Bu sözlər faşizmin əməllərini, işgəncə texnalogiyalarını ifşa edən Nyurinberq məhkəməsində deyil, XXI əsrdə Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə keçirilən məhkəmə iclasında DIN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məsul əməkdaşı, “şahid və zərərçəkən” Şahlar Cəfərov ifadə verərkən səsləndirilib.
Azacıq normal məhkəmə sistemi olan ölkədə, azacıq hüquqa hörmət edilən ölkədə bu adamlar insan ölümü ilə nəticələnən ağır cinayət əməllərinə görə elə məhkəmə zalındaca həbs olunmalıdır. 20-yə yaxın Azərbaycan vətəndaşı şəhadətlik edir ki, sap-sağlam Fərahim Bünyadovu Şahlar Cəfərov başda olmaqla “Bandotdelin” işçilər mebel maşınında avtomatın qundağı ilə döyə-döyə öldürüblər, guya müqavimət göstərildiyi haqqında təsəvvürlər yaratmaq üçün heç bir silahı, sursatı olmayan daha 3 dinc sakini güllələyiblər, qarşılıqlı atışma olduğu görüntüsü naminə hadisə yerindəki “atışmada” iki paqon yoldaşlarını namərdcəsinə güllələyib günahı da hadisə zamanı qətlə yetrilmiş adamların adına rəsmiləşdiriblər.
Məhkəmədə vəkillər bu adamların hansı zərəri çəkdiklərini, nədən zərərçəkən olduqlarını soruşduqda utanıb-qızarmadan əməliyyat zamanı iki əməkdaşımız ölüb, iki paqon yoldaşımız həyatını itirib deyirlər. Nardaranda törətdikləri qanunazidd əməllərin adını dini terrorçu dəstənin zərərsizləşdirilməsi qoyub ötüşdürəcəklərinə əmin idilər. Hətta o qədər əmin idilər ki, istintaq zamanı “Bandotdelin şahid və zərərçəkənləri” müqəssirlərin adları və soyadları istisna olmaqla nöqtə vergülünə qədər bir-birini olduğu kimi təkrarlayan eyni ifadələr veriblər.
Təkcə “ittiham edilənləri” bölüblər aralarında ki, kim kimin cibindən qumbara çıxarıb, kim kimin əlindən bıcaq və xəncər alıb. Vəkillər peşəkarlıqla istintaqın gedişində yol verilmiş bu saxtakarlıqları məhkəmə araşdırması zamanı ortaya çıxardılar. İstintaq zamanı nədən ifadələrin nöqtə-vergülünə qədər eyni olması haqqında onların sualları “Bandotdelin zərərçəkən kollektivini” gülünc duruma saldı. Bu şounu quranlar bir vaxtlar DİN-in içində olan Hacı Məmmədovun cinayət bataqlığından çıxdıqları kimi aydan-arı, sudan-duru çıxmaq niyyətində idilər. Amma belə olmadı. Məsələ ictimailəşdi, cinayətin xronikası faş oldu.
Hacı Məmmədovun, Akif Çovdarovun bandasından daha qəddar, daha qaniçən, insanlıq adına ləkə gətirən daha ağır işgəncə dəstəsinin ortada olduğu aydınlaşdı. “Bandotdelin” simasında DİN-in insan ölümü ilə nəticələnmiş qanunsuz əməli göz qabağındadır. Məhkəmənin gedişini izləyən xarici səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri DİN-in öz vətəndaşına necə qəddar işgəncə verməsini, bu ağlasığmaz işgəncələr hesabına süni “terrorçu dəstə” quraşdırmasını, dəyənək gücünə cinayətinin izinin itirilməsini, təsəvvürə gəlməz işgəncələr hesabına günahsız insanlar əleyhinə ifadələr tələb edilməsini, adamların sadəlövhlüyündən istifadə edib əzab və hiylə yolu ilə onlara olmayan silahlarının “etiraf” etdirilməsini öz gözləri ilə gördülər, birinci mənbədən öz qulaqları ilə eşitdilər.
Ölkə və dünya ictimayəti baş verən cinayət xronikasından xəbər tutdu. Nardaranın timsalında Azərbaycan adlı məmləkətdə hansı faciələr yaşandığından, dövlət adına hansı rəzalətlərin törədildiyindən səksəkəyə düşdü. İndi məhkəmənin hansı hökm çıxaracağının elə bir əhəmiyyəti qalmayıb. Prosesin bundan sonrakı mərhələsinin də elə bir hüquqi anlamı yoxdur. Təkcə bu faktlar Nardaran zavallılarının siyasi məhbus hesab edilməsi üçün kifayətdir. Cinayətin bütün mənzərəsi ortada olduğu halda, bəzi hüquq müdafiəçilərinin gözləmə mövqeyi tutması, prosesin sonunu gözləməsi sadəcə olaraq anlaşılan deyil.
“Nardaran işi” Hacı Məmmədov və MTN cinayətlərindən sonra DİN daxilində yeni bir mütəşəkkil cəza dəstəsinin dövlət adından fəaliyyət göstərməsini bütün çılpaqlığı ilə ortaya qoyub. İkisi polis olmaqla, altı nəfər Azərbaycan vətəndaşı DİN tərəfindən həyata keçirilmiş bu avantüranın qurbanı olub. Amma hələ ki, “Bandotdel zərərdidələri” məhkəmə prosesində çox ötkəm və arxayın görünürlər. Lakin ölkədə hazırki sosial-iqtisadi və siyasi şərtlər belə ötkəm arxayınçılıq üçün əsas vermir.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.