BMT-nin məruzəçisi: "İnsan haqlarını müdafiə edənlər xain yox, qəhrəmandır"

BMT-nin məruzəçisi: "İnsan haqlarını müdafiə edənlər xain yox, qəhrəmandır"
22 Sentyabr 2016
Mətni dəyiş
"Azərbaycanda insan haqlarını müdafiə edənlərə xain yox, qəhrəman kimi baxmaq lazımdı. Onlar Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması naminə dəyişiklikləri təşviq edən insanlardır. Onları rədd yox, qəbul etmək lazımdı".
Bunu BMT-nin Azərbaycanda insan haqları müdafiəçilərinin vəziyyətini araşdıran xüsusi məruzəçisi Michel Forst Azərbaycana 9 günlük səfərinin yekunu olaraq keçirdiyi mətbuat konfransında deyib.
Buna da baxın: BMT-nin xüsusi nümayəndəsi siyasi məhbuslarla görüşüb
O bildirib ki, səfər çərçivəsində Prezident Administrasiyası, Dövlət Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Ali Məhkəmə və digər dövlət orqanlarında, Avropa Şurası və diplomatik korpusun müxtəlif nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri, siyasi motivlərlə həbsdə olan şəxslər və başqaları ilə görüşlər keçirib.
Forst deyir ki, insan haqları müdafiəçiləri üçün təhlükəsiz və yaradıcı mühitin təmin edilməsi Azərbaycanın öhdəliyidir. Amma müşahidələr göstərir ki, 2014-cü ildən bəri Azərbaycanda yerli və beynəlxalq QHT-lər böyük miqyasda təqib olunur.
Buna da baxın: BMT-nin xüsusi məruzəçisi NİDA rəhbərliyi ilə görüşüb
"Azərbaycanda insan hüquqları müdafiəçiləri bir sıra problemlərlə üzləşirlər. Son 2-3 il ərzində ölkədəki vətəndaş cəmiyyəti təşkilatları ölkə müstəqillik qazandığı ildən bu günə kimi ən pis vəziyyətlə üzləşib – bu qənaətimi ilkin müşahidələrin çərçivəsində hökumətə də təqdim etdim. Şiddətli təzyiq nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti iflic vəziyyətə düşüb. Dövlət rəsmiləri hüquq müdafiəçilərini Qərb dövlətlərinin beşinci kolonu, xarici dövlətlərin casusu kimi təqdim edir. Bunun da nəticəsində vətəndaş cəmiyyəti fəallarının oynadığı rola dair əhali arasında yanlış təsəvvür formalaşdırır. Fundamental azadlıqları təşviq edən, qanun pozuntularını tənqid edən şəxslər hücumlara məruz qalır, damğalanır, "xuliqanlıq", "narkotik", "dövlətin konstitusion quruluşunu dəyişməyə cəhd" və s. ittihamlarla həbs olunur, məhkum edilirlər", – Forst bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun