Bu sözləri “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib.
O, qəzetin çapını bərpa etməyin, hələ də, mümkün olmadığını bildirib.
R.Hacıyev “Azadlıq” qəzetinin nəşrinin bərpa edə bilməməsinin səbəbini bankın tələbləri ilə izah edib.
“Əvvəl imza nümunəsi məsələsini bəhanə gətirirdilər, həll etdik. Beynəlxalq Bank indi də maliyyə əməliyyatları üçün baş redaktor Qənimət Zahidin mənə verdiyi etibarnamənin notarial qaydada təsdiqlənməsini istəyir. Qənimət Zahid 2011-ci ildən Fransada yaşayır. O, səlahiyyətlərinin icrası üçün mənə etibarnamə verib. Həmin hüquqi sənəd əsasında mən baş redaktor əvəzi sayılıram. Etibarnamə ilə redaksiyanı bütün rəsmi orqanlarda, o cümlədən məhkəmələrdə mən təmsil edirəm. Ancaq indi Beynəlxalq Bank 5 ildən çoxdur qüvvədə olan həmin etibarnamənin mütləq notariusda təsdiq edilməli olduğunu bildirir”, deyən R.Hacıyev bu tələbi də həll etməyə çalışdıqlarını bildirib.
Xatırladaq ki, avqustun 20-də “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli həbs edilib. Bundan sonra isə redaksiyanın bank əməliyyatı aparması mümkün olmayıb.
“Azərbaycan” nəşriyyatı öz növbəsində daha əvvəl sentyabrın 5-də redaksiyanın borcunu əsas gətirərək “Azadlıq”ın çapından imtina etmişdi.
Mili Şuranın sentyabrın 17-də keçirilən mitinqdə qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev aksiya iştirakçılarına xitab edərək “gələn ikinci gün (sentyabrın 20-si) “Azadlıq”ı almağı unutmayın” müraciəti etmişdi. Onda qəzetin maliyyə problemini müvəqqəti də olsa çözdüyü ifadə edilirdi.
Sonra isə Azərbaycan Beynəlxalq Bankı ilə qeyd edilən problem yaşanıb.
Rahim Haciyevin Beynəlxalq Bankı haqda dediklərinə, həmin qurumdan, hələlik, münasibət almaq mümkün olmayıb.