22 Sentyabr 2016
Mətni dəyiş
“Bu il Azərbaycanda fəaliyyət göstərmək üçün uzunmüddətli akkreditasiyadan keçmək istəyən dünyanın aparıcı KİV-lərinin akkreditasiya müraciətləri təsdiqlənib”.
Bunu Modern.az saytına açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
XİN rəsmisi deyib ki, Azərbaycanda fəaliyyət göstərmək üçün əsasən 2 formada akkreditasiya var.
Hikmət Hacıyev bu il uzunmüddətli akkreditasiyadan keçən əsas xarici media qurumlarının adlarını da açıqlayıb:
“Xarici media orqanları Azərbaycanda fəaliyyət göstərmək üçün uzunmüddətli və qısamüddətli akkreditasiya üçün müraciət edə bilərlər.
Bu il Azərbaycanda uzunmüddətli fəaliyyət göstərmək üçün müraciət edən xarici media qurumlarına əsasən Amerika Birləşmiş Ştatlarının “Bloomberg”, Böyük Britaniyanın BBC, “Reuters”, Fransanın “Frans Press”, Çinin “Xua”, Türkiyənin “Anadolu” və “Doğan”, İranın İRNA, Rusiyanın “İTAR-TASS” və “Ria Novosti” agentlikləri, TRT Televiziyası, İranın Dövlət Televiziya və Radio Agentliyi, Avropa İttifaqının “EuroNews” agentliyi, MDB ölkələrinin dövlət teleqraf agentliklərini misal göstərmək olar. Onlar Azərbaycanda fəaliyyət göstərmək üçün bu il uzunmüddətli akkreditasiyadan keçiblər və hazırda da fəaliyyət göstərirlər”.
XİN sözçüsü vurğulayıb ki, bu günə qədər Azərbaycanda heç bir xarici media qurumunun akkreditasiyasına vaxtından əvvəl xitam verilməyib:
“Azərbaycanda mətbuatın azadlığı tam şəkildə təmin olunur. Söz və ifadə azadlığı şəraitində yerli və xarici media nümayəndələrinin fəaliyyəti tənzimlənir.
Xarici KİV nümayəndələrinin Azərbaycanda akkreditasiyası qanunvericiliklə müəyyən olunmuş qaydalarda və XİN tərəfindən hazırlanmış normalarla təsbit olunub.
Həmçinin, xarici media orqanları Azərbaycanda fəaliyyət göstərdikləri müddətdə “KİV haqqında” qanuna mütləq əməl etməlidirlər.
Hələ ki hansısa xarici media qurumunun akkreditasiyasının ləğv edilməsi, yaxud da xitam verilməsi kimi hallar Azərbaycan praktikasında olmayıb. Ölkəmizdə xarici media orqanlarının fəaliyyəti üçün media azadlığı çərçivəsində bütün şərait yaradılıb”.