Azərbaycan rokunun “Yuxu”su

Azərbaycan rokunun “Yuxu”su
3 Sentyabr 2016
Mətni dəyiş
80-ci illərin sonu 90-cı illərin əvvəllərində Sumqayıt şəhərində yaranmış Azərbaycan musiqisinin ən unudulmazlarından biri Yuxu qrupudur. 
İlk addımlar
Qrupun yaradıcısı İbrahim Emin musiqi ilə məşğul olmağa 80-ci illərin əvvəllərində başladığını deyir: "Yeniyetmə vaxtlarımızda biz BBC radiosunda Deep Purple, Led Zeppelinə qulaq asırdıq, daha sonra onlar bizim üçün məktəb oldu, onların musiqilərindən ilhamlanıb rokla məşğul olmağa başladıq. Daha sonra isə 88-ci ildə qrupumuz yarandı. “Xəzərin sahilində” mahnsını yazdırdıq. Mahnının sözləri atama aid idi, mən bəzi sözləri dəyişdim və biz mahnını ifa etdik. Bir il sonra bu mahnı ilə Qızıl Payız musiqi festivalında qalib olduq və hər şey bununla başlandı". 
Türkiyə xatirələri
“Xəzərin sahilində” mahnısı Yuxu üçün viza rolu oynayır. Çox keçmir ki, fransız xanım Paskal “Xəzərin sahilində” mahnısının klipini görür və onları Fransada fəaliyyət göstərməyə dəvət edir. Həmin vaxtlar Fransaya birbaşa çıxmaq mümkün olmadığından onlar Türkiyə vasitəsilə getməyə qərar verirlər. Lakin hələ də naməlum olan səbəblərdən onlar Fransaya gedə bilmir və Türkiyədə qalıb fəaliyyət göstərməli olurlar. Qrupun hava limanında soyulduğu xəbərləri yayılsa da, bu şayiə olaraq qalır.
yuxu1
Türkiyədə fəliyyət göstərməyə başlayandan qısa müddət ərzində qrup tanınmağa başladı. Türkiyədə qrupun üç – "Xəzərin sahilində" (1988), "Sumqayıt" (1994), "Ölümə çarə yox" (1998) albomları yayımlandı. “İstanbula yenicə gəlmişdik. Klubların birində ilk dəfə çıxış edəcəkdik, axşam uşaqlarla birgə ora yollandıq. Ancaq geyimimiz uyğun olmadığı üçün, bizi içəri buraxmaq istəmədilər. Biz tipik rokçu tərzində yox, adi geyinirdik onlar da bizi ciddi qəbul etməyib küçümsəyirdilər. Bizi ora göndərən təşkilatçı ilə əlaqə saxladıqdan sonra içəri keçə bildik. Əvvəlcə adambaşı bir şüşə vodka içdik, onları təəccübləndirən ilk şey elə bu oldu, çünki Türkiyədə vodka heç vaxt bu cür içilmirdi. Daha sonra isə səhnə alma növbəsi bizə gəldi və biz mahnımızı ifa etdik. Hamı təəccüb içində qaldı. Bəli, çünki heç kəs Azərbaycan qrupundan bu cür çıxış gözləmirdi. Axı necə ola bilərdi ki, Azərbaycan kimi qapalı, post-sovet məkanından belə musiqi çıxsın. Biz musiqimizə və özümüzə qarşı olan bütün önyarğıları elə ilk çıxışımızda qırdıq.”
yuxu3
Bu çıxış qrupun Türkiyədə məşhurlaşmasının başlanğıcı olur, tezliklə yeni tədbirlərə, televiziyalara dəvət alırlar və yeni qruplara müəllimlik edirlər. Türkiyənin məşhur eksisozluk.com saytında Yuxu qrupu bir zamanlar onları canlı dinləyən insanlar tərəfindən “Ata qrup” deyə adlandırılır:
“Bir dəfə canlı izlənildisə, ömür boyu unudula bilməyəcək, bütün qruplara örnək göstərilə biləcək rok qrupudur. Zamanında onları “Caravan” barda canlı dinləyə bildiyim üçün çox şanslıyam”, “Kaş yenidən birləşib ifa etməyə başlayaydılar, biz də ötən günlərə qayıdardıq dedirdən ata qruplardan biri”.
yuxu4
90-larla müqayisədə indi
90-cı illərdə Türkiyədə baş vermiş zəlzələ musiqi dünyasına durğunluq gətirdi. Durğunluq Yuxu qrupuna da təsir etdi. Qrup dağıldı və üzvlər hərəsi bir işlə məşğul olmağa başladı. İbrahim Emin 90-cı illərdəki problemləri yada salır: “Bilirsiniz, biri var imkansız uşaq, biri də var tənbəl uşaq. Biz 90-ların imkansız uşaqları kimi idik. İndiki tənbəl uşaqların sahib olduğu heç bir imkan demək olar ki, yox idi bizdə. İndi tanınmaq, yıxıldığın yerdən davam etmək daha asandır. Amma dövrə görə yenə də yenilik etməyə, nələrisə dəyişməyə çalışırdıq. O vaxt roku anlayan sevən daha çox idi nəinki indi. Yeni qrupları çalışdırırdıq, ümidlər çox idi, lakin indi vəziyyət dəyişib rok burda özünə yer tapa bilmir. Təbii ki, hal-hazırda musiqi ilə məşğul oluram, hətta dostlarım da məni həvəsləndirir, ancaq hələ də biz burda öz auditoriyamızı tapa bilməmişik. Buna görə də məni bura anamdan başqa bağlayan heçnə yoxdur, o da olmasaydı yəqin ki, burda qalmazdım, çıxıb gedərdim.”
 yuxu5
Roku heç vaxt dəyişmərəm
“Məni tanıyanlar yaxşı bilir, həmişə deyirəm roku heç vaxt dəyişmərəm. Mən roku hiss edirəm, rok azadlığın, üsyankarlığın musiqisidir, mənim musiqimdir.”
yuxu1
Qrup üzvlərinin sonrakı fəaliyyəti
Qrupun yaradıcısı İbrahim Emin 2004-cü ildə Sumqayıtda “Sirr” adlı yeni rok qrupu yaradır. Fəaliyyəti boyunca “Yoruldum” (2014) albomu işıq üzü görür. Lakin albomdan bir müddət sonra qrup fəaliyyətini dayandırır. Hal-hazırda İbrahim Emin hərdən rəsm əsərləri çəkərək dostlarına satmaq və hədiyyə etməklə yaşayır.
Qrupun gitaristi Namiq Nəqdəliyev Türkiyədə musiqiçi fəaliyyətini davam etdirir. Orada Kıraç, Haluk Levent, Funda Arar və digərləri ilə birlikdə çalışır. Zərb alətləri ifaçısı Çingiz Eyvazov isə qrup dağıldıqdan sonra Türkiyədə qalır, musiqi fəaliyyətinə davam edirdi. Lakin eyni zamanda tatu ustası idi. Yaxın zamanlarda Azərbaycana qayıdan Çingiz musiqi fəaliyyətini dayandırsa da, tatu işinə davam edir. Qrupun vokalisti Cəsur Nemətov isə Rusiyada yaşayır.

yuxu6 yuxu7

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun