Avropa Birliyi referendumla bağlı bəyanat yayıb

Avropa Birliyi referendumla bağlı bəyanat yayıb
28 Sentyabr 2016
Mətni dəyiş
Avropa Komissiyası Azərbaycanı referenduma çıxarılmış dəyişikliklər haqda Venesiya Komissiyasının narahatlıqlarını nəzərə almağa çağırır. Bunu Avropa Birliyinin ali icra orqanı olan Avropa Komissiyası Azərbaycanda konstitusiyaya əlavə və dəyişiklər üzrə referendum haqda bəyanatında bildirir.
Avropa Komissiyasının sözçüsü adından yayılan bəyanatda deyilir ki, vətəndaşların əksəriyyəti referenduma çıxarılan 29 bəndin hamısının lehinə səs verib. Referendum dinc şəraitdə keçib.
Ancaq bəyanatda deyilir ki, bəzi çatışmazlıqlar olub. Referendum qabağı kampaniyada bir sıra fəallar saxlanıb.
Bunları və Avropa Şurasının Venesiya Komissiyasının keçən həftə ifadə etdiyi narahatlıqları nəzərə alaraq Avropa Birliyi Azərbaycanı Konstitusiya dəyişikliklərini həyata keçirərkən Venesiya Komissiyasının iradlarını nəzərə almağa çağırır.
Avropa Komissiyasının bəyanatında sonda qeyd olunur ki, bu və digər məsələlərdə Avropa Birliyi Azərbaycanla dialoqda işləməkdə davam edəcək.
venesiya-komissiyasi
Xatırladaq ki, Avropa Şurası Venesiya Komissiyası Konstitusiya dəyişikliklərinə mənfi rəy verib:
“Avropa Şurası Venesiya Komissiyası (VK) sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyi açıqlayıb. Komissiya referendum aktını tənqid edib.
Təklif edilən düzəlişlərin bir çoxu prezidentə “görünməmiş” səlahiyyətlər verərək hakimiyyətin qolları arasında balansı pozur.
VK ekspertləri hesab edirlər ki, 2009-cu ildən müddətsiz sayda seçilə bilən dövlət başçısının onsuz da güclü mövqeyi nəzərə alınmaqla prezident mandatının beş ildən yeddi ilədək artırılmasının “heç bir bəraəti yoxdur”.
Bundan əlavə, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi “parlamentdə siyasi özgəfikirliliyə” mənfi təsir göstərir. Bu, həm də məhkəmə sisteminin müstəqilliyinə mənfi təsir göstərir, çünki hakimlərin təsdiqlənməsində parlamentin rolunu zəiflədəcək.
VK ekspertləri hansısa müddətdə ölkəni idarə edə biləcək vitse-prezidentlərin təyin edilməsindən və vaxtından əvvəl prezident seçkilərini elan etmək üçün dövlət başçısına səlahiyyət verilməsindən “çox narahatdır”.
Eyni zamanda VK referendum prosedurunu, əsasən parlamentdə və ictimaiyyət arasında ilkin müzakirələr aparılmadan, həm də çox qısa müddətdə keçirilməsini tənqid edib.
Vaxt olmadığından VK ekspertləri Azərbaycana səfər edə, hakimiyyət, ekspertlər və digər əlaqədar tərəflərlə birbaşa məsləhətləşmələr apara bilməyiblər. Bununla əlaqədar Venesiya Komissiyası Azərbaycan hakimiyyətinin layihə referenduma təqdim edilənə qədər onunla məsləhətləşmə aparmamasına təəssüf edir.
Eyni zamanda ekspertlər “insan ləyaqəti qorunur və hörmətlə yanaşılır”, “özbaşınalıqdan müdafiə və ləyaqətli davranış hüququ” ilə bağlı düzəlişləri müsbət qiymətləndiriblər.
“Hüquq və azadlıqların məhdudlaşdırılması dövlətin nail olmaq istədiyi məqsədə uyğun olmalıdır” düzəlişi də müsbət qiymətləndirilib.
Lakin ekspertlər “ictimai asayiş” və “mənəviyyat”ın qorunması mülahizələri altında açıq toplaşmaların məhdudlaşdırılmasını nəzərdə tutan düzəlişlərlə razı deyil. Çünki bu müddəalar olduqca geniş təfsirə yol verir.
Vətəndaşlıqdan məhrumetməyə dair düzəliş də narahatlıq doğurub.
İlkin rəy təsdiqlənmək üçün VK-nın oktyabrın 14-15-də keçiriləcək plenar sessiyasına təqdim ediləcək”.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun