Emil Saidlar
“Roma niyə süquta uğradı?” sualını Sisero belə cavablandırdı: “Biz gözəl danışdıq, çox danışdıq, fəqət bilgisiz idik”.
İyun ayında 17 ton banan Anqoladan Portuqaliyaya yola düşdü. Bu son illər neftin yüksək qiymətilə əlaqədar böyük neft gəlirlərinə öyrəşmiş Anqola üçün həm də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində simvolik bir yük sayılırdı. Xam neftin dünya bazarında dəyərdən düşməsilə əlaqədar Anqola ona dəyən ziyanı qapatmaq üçün daha çox meyvə ixrac etməyi düşünməlidir. Təbii, bunun başqa daha yaxşı yolu yoxdursa.
Anqolanın gəlirlərinin 85 faizi neft ixracından asılıdır və 2008-ci ildə iqtisadi artım 15%-ə dək çatmışdı. 2016-ci ilin statistikasına istinadən təsdiqlənmiş neft rezervlərinə görə Anqola dünyada 18-ci yerdədir. Məlumat üçün qeyd edək ki, siyahının ilk beşliyində Venesuela, Səudiyyə, Kanada, İran və İraq, sonra Küveyt, Əmirliklər və s ölkələr, 20-ci yerdə isə Azərbaycan mövqe tutur.
Anqola da Azərbaycan kimi siyasi stabilliyə yaxın keçmişdə nail olub, belə ki, 1975-ci ildən 2002-ci ilə qədər vətəndaş müharibəsindən ölkə və xalq ciddi əziyyət çəkmiş və 2002-ci ildə Savimbi sonra da onun sələfi Dembunun ölümündən sonra sülhə nail olunmuşdur. Stabillik əldə edildikdən sonra asan neft gəlirləri kənd təsərrüfatı ölkəsi Anqolanın digər bütün potensial perspektivli sahələrini iflic hala gətirib, kənd təsərrüfatı avadanlıqları və ümumilikdə infrastrukturu 70-ci illlərdən qalıb, bu sahəyə yeni yatırımlar müşahidə olunmur. Demoqrafik təzyiq o qədər güclüdür ki, kənd təsərrüfatına yararlı torpaqlardakı kəndli tikintiyə icazə almaq, yaşayış binaları tikmək üçün can atır. Belə ki, əsasən kənd təsərrüfatı ölkəsi olan Anqola mədən iqtisadiyyatından başqa ( neft, qaz, almaz) banan, kofe və heyvandarlıq təsərrüfatı ilə məşğuldur və bu əsasən yerli bazara hədəflənib. Burada xüsusi vurğulanmalı detal ondan ibarətdir ki, ölkə əhalisinin çox böyük qismi – təxminən 80%-inin məşğulluğu kənd təsərrüfatı sektorunda təmin olunub. Anqola da neft gəlirləri alışqanlığından əziyyət çəkən ölkələr sırasındadır. Və bu alışqanlıq iri kənd təsərrüfatı ixracçısı ola biləcək bir ölkəni iqtisadi krizis halına salıb. Anqolada ÜDM-da kənd təsərrüfatının payı 6 faizdir. Halbuki ÜDM-nin 45%-ini neft ixracı, dövlət gəlirlərinin 70%-i, Valyuta gəlirlərinin 95%-i neftin payına düşür.
Kiçik bir haşiyə çıxaraq bildirim ki, keçən ay prezident Dos Santos 43 yaşlı qızını hakimiyyətin icraedici orqanına rəhbər vəzifəsinə gətirdi. Bəzi siyasi dairələr bu təyinata ölkənin krizisdən çıxmasına müsbət təsir göstərəcəyini düşünürlər.
Bu ölkədə dövlətin və iqtisadiyyatın problemlərindən danışmağı sevmirlər, çətinliklərlə bağlı etiraflar edilmir. Lakin təxminən 1-2 ay əvvəl çox qeyri-adi bir şey baş verdi və Anqola prezidenti belə məzmunda bir çıxış etdi: “Sonangol (Anqolanın neft şirkəti) yanvar ayından bu günə bir sent belə büdcəyə ödəniş etmək gücündə deyil. Bizim bütün gəlirlərimiz sadəcə bir mənbədən formalaşır. Bizim ölkə tamamilə idxal hesabına yaşayır. Qida istehsalı üçün idxal, yerli istehsalçılar üçün xammal, sənaye, kənd təsərrüfatı, tikinti sahəsi üçün də xammal tədarükü tamailə idxaldan asılıdır. Biz ixraca neftdən başqa da yeni əmtəələr ortaya qoymalıyıq. Dünya bazarında başqa mallarla da təmsil olunmalıyıq. Bu bizim strateji hədəfimizdir.”
Problemin həlli ciddi təhlillər və bu təhlillərin gətirdiyi nəticələrdən - ən əsası problemin varlığını etirafdan başlayır. Həll yolu tapmaq üçün “Bizim problemimiz var” deməyi bacarmaq çox vacibdir. Uzaq Anqolada bu etirafı etdilər.
P.S. Göydəki əgər yerin altında bizə nələrsə bəxş edibsə, bu neft-qaz hasilatı iqtisadiyyat adlana bilməz. İqtisadiyyat yumşaq desək bir az fərqli məhfumdur, mahiyyət etibarilə sosial eksperimentlər toplusudur.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.