YOX! - Rəşad Müseyibzadə

YOX! - Rəşad Müseyibzadə
10 Avqust 2016
Mətni dəyiş
Ötənlərdə məhşur "NO" filmini bir daha izlədim. İzləməyənlərə qısaca deyim ki, film Çili diktatoru Auqusto Pinoçetin seçkidə necə məğlub olmasından bəhs edir. Pinoçet növbəti dəfə prezident olmaq üçün 1989-cu ildə referendum keçirtməyə qərar verir. 17 partiyadan ibarət müxalifətin birləşməsi nəticəsində aparılan təbliğat nəticə verir və Pinoçet seçkilərdə məğlub olur.
Filmdə göstərilən bəzi maraqlı məqamlarla bugünkü Azərbaycan arasında oxşar cəhətlər həddən artıq çoxdur. Xalq arasında ümidsizlik yüksək səviyyədə idi və seçkidə qalib gələcəyinə inam yox idi. Hətta müxalifət də seçkidə qalib gələcəyinə inanmır.
Sonra bir reklam işləri ilə məşğul olan gənc referenduma "YOX" üçün propaqanda planının hazırlanmasına razı olur və qeyri-adi fikirlərlə hər kəsi təəccübləndirməyi bacarır. Diqqət çəkən digər məqam isə müxalif rəhbərlər bu gəncin fikirlərini bəyənməməsidir, çünki gənc yenilikçidir. Deyir ki, seçki propaqandasında mənfi halları, şiddəti göstərməyək, bu camaatda daha da qorxu yaradar, onun əvəzinə məsələyə başqa prizmadan yanaşaq. Aclığa, şiddətə belə gülərək, rəqs edərək "YOX" deyək.
Bir çox partiya rəhbərləri buna etiraz edirlər, "axmaqlıq" adlandırırlar. Başqa bir məqam, reklamçı gənc təklif edir ki, "NO" yazısının üstündə "göy qurşağı" olsun. Müxalifət liderləri tərəfindən sual olunur ki, bəs biz bu loqonun harasındayıq? Yəni hardan bilmək olar ki, bizim partiyamız da var bu kampaniyada. Bunu da belə izah edirlər ki, kommunistlər qırmızı rəngdə, sosial demokratlar yaşıl rəngdə və s.
Kampaniyanı aparan adam gənc reklamçıya deyir: "onların bunu tələb etməsi normaldı, çünki hər kəs burdan pay almaq istəyir. Yəni bütün partiyalar öz mənfəətini güdür. Hamı özünü daha çox gözə soxmaq istəyir, qalib gəlmək üçün yox, gələcəkdə bir-birilərini daha yaxşı ittiham edə bilsinlər deyə. Aralarında dava düşəndə "zamanında biz sizdən daha çox mübarizə aparmışıq, inanmırsan filan vaxta filan şeyə bax" deyə bilsinlər deyə."
Amma sonda reklamçı gənc öz dediyini yeridə bilir və müxalifət seçkilərdə qalib gəlir. Sözsüz ki, Pinoçet də xarici təzyiqləri nəzərə alıb, bu yenilgini qəbul edir. Amma burda xalqın, müxalifətin və reklamçı gəncin əməyi danılmazdır. İndi bizdə də belə bir şans yaranıb. Qarşıdan referendum gəlir və bu referendumla ölkə diktaturadan monarxiyaya keçid edəcək.
Xalq olaraq buna yox deməliyik. Görüləcək ilk iş imza vərəqələrini doldurmaqdır. Müsavat artıq "YOX" kampaniyası üçün imza vərəqələrini əldə edib, REAL da qısa zaman sonra əldə edəcək. Hər kəs gedib, o imza vərəqələrini doldurmalır, imkanı olanlar qapı-qapı düşüb imza toplamağa kömək etməlidir. Boykot etmək sükutdur. Sükutu yemləmə, ədalət haqqın!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun