"Xain" media - Rəşad Babalı

"Xain" media - Rəşad Babalı
11 Avqust 2016
Mətni dəyiş
Rəşad Babalı
Türkiyə mətbuatı 15 iyuldan sonra ağır sınaqlar qarşısındadı. Baş tutmayan çevriliş cəhdindən sonra Ərdoğanın müxalifi olan KİV-lər belə susmaq bir kənara, onun yanında yer aldılar. Öfkələnmiş RTE-ni daha da əsəbləşdirməmək üçün xəbər başlıqları yandaş mediayla eyniyyət təşkil etdi. Hətta bəzən keçdi də.
Çevrilişlə bağlı bütün xəbərlərdə “xain” sözü qırmızı xətlə keçirdi. Ortada ciddi dəlil-sübut olmamasına baxmayaraq media minlərlə adamı bu sözlə hədəf aldı. Artıq küyə gedilib “xain”, “darbeci” elan edilənlərin yavaş-yavaş suçsuz olması üzə çıxsa da mətbuat bundan dərs götürmək niyyətində deyil.
Çox azsaylı KİV istisna olmaqla AKP hökumətinin isterik addımları təftiş olunmadı. Diyanet idarəsi ölən çevrilişçilərə din xidməti verilməyəcəyini bildirdi. Əvvəl onlar üçün məzar yeri verilməyəcəyi deyilsə də sonda “güzəştə” gedib “xainlər məzarlığı” adıyla bir ərazi ayırdılar.
İnsanlar ucdantutma işdən çıxarıldılar. Qısa zamanda bunların çevrilişçilərin yanında olması necə təsbit edildi? Feto terror qruplaşmasına aid edildilər amma ortalıqda rəsmi olaraq belə bir terror təşkilatı tanınmayıb. Yüzlərlə məktəb, xəstəxana, kurslar, qəzetlər, tv-lər, radiolar, jurnallar, universitetlər, firmalar bağlanıldı və ya başqa qurumların tabeçiliyinə verildi. Mərkəzi media urrayla bunları nəşr etdi.
Bəzi köşə yazarları xaric deyilmədi ki, bu isterik addımların sonrası da var. Ortalıq sakitləşəndən sonra məhkəmə dinləmələri olacaq. Dünyanın gözü bu proseslərə yönələcək. Ergenekon və Bolyoz davalarındakı kimi məhkəmə təlxəkliyi edə bilməyəcəklər.
Bundan əlavə saxlanılarkən işkəncə görənlər, həqarətə məruz qalanlar rahatlıqla ifadələrini dəyişə biləcəklər. Əsas da var, işgəncə altında ifadə verdim deyə. Hələ mən Avropa İnsan Haqqları Məhkəməsinin Türkiyə Əleyhinə çıxaracağı qərarları demirəm.
Medianın tərəf tutma xəstəliyi ölkənin despotizmə yuvarlanmasıyla düz mütənasibdi. Məsələn Rusiya mətbuatını götürək. Pis yaxşı peşəkarlıqda Türkiyədən xeyli öndədilər. Amma xəbər başlıqlarına, mətninə baxırsan ki, konkret propaqandadı. Xəbərçilik anlayışına heç cür uyğun gəlməyən sözlər dominantlıq edir.
Bu mənzərəni daha çox Ukraynanın şərqində baş verən hadisələrdə gördük. Tərifli rus mətbuatı Kremlin meqofonu səviyyəsinə qədər düşdü. Bütün Rusiya qardaş Ukraynaya qarşı kökləndi. “Velikaya derjava” isterikası aldı başını götürdü. Bu həm də rus mediasının imtahanı idi. Artıq dünya üçün Rusiya KİV-i obyektiv, ciddi qəbul edilmirlər.
Şimal qonşumuzda nəşr olunan hansısa xəbər başqa mənbələrdən təsdiq olunmasa qəbul edilməz durumuna gəlib. Yəni mötəbərliliyi qalmayıb. Eyni hal Türkiyə mətbuatına da aiddi. 15 iyuldan sonra qardaş ölkənin də mediası sinifdə qaldı.
Azərbaycan mətbuatı adlarını çəkdiyim qonşularımıza baxanda heç də yaxşı gündə deyil. Iqtidar mediasının öz epitetləri var, müxalifət mediasının başqa. Məsələn rəsmi media (özlərini müstəqil adlandırsalar da bütün tv kanallar, bir çox qəzetlər, saytlar və s) “vətən xaini”, “gözü götürməyən qüvvələr”, “xarici havadarlar”, “düşmən dəyirmanına su tökənlər”, “mənfur qonşumuz” və ya “mənfur ermənilər” və s. bu kimi hazır söz birləşmələrindən bol-bol istifadə edir.
Müxalifət mediası da kənarda qalmır. “Klan”, “mənfur rejim”, “irtica”, “oğru hakimiyyət”, “korrupsioner rejim”, “harınlamış məmurlar”. Qeyd etdiyim epitetlər qeyri-publisistik janrlarda işlədilir. Ədalət naminə deyim ki, müxalif yönlü mətbuatda son zamanlarda bu cür yarlıqların istifadəsi azalıb. Keçirilən təlimlər, oxuculardan gələn reaksiyalar jurnalistləri yontalayıb bir az.
Ancaq təəssüf ki, iqtidaryönlü mətbuat barəsində belə danışa bilmərik. Əksinə bir az da üstünə qoyublar. Ittihamdolu epitetlərin biri bir qəpikdi az qala. Xüsusən də televiziya xəbərləri bu sahədə özlərini tamam biabır edirlər.
Qonşu ölkələrdə baş verənlər ölkəmizə bir başa təsir edir. Bədbəxtlikdən sivil dəyərlərlə idarə olunmağa cəhd edən kiçik bir Gürcüstan var. Onun da bizə nümunəsi sürücülərdən rüşvət almayan polislərin varlığı qədərdi.
İdarəetmə, mətbuat, mədəniyyət, təhsil kimi məsələlərdə hələ də arzuolunan təsirləri yoxdu. Ona görəki dillərini anlamırıq. Amma dillərini başa düşdüyümüz Rusiya və Türkiyə isə Azərbaycan yaxşı heç bir şeydə örnək ola bilmirlər. Əksinə Qərb dəyərlərindən uzaqlaşmaqda hakimiyyətin çörəyinə yağ sürtürlər.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun