Salam, Natiq Cəfərli - Rasim Qaraca

Salam, Natiq Cəfərli - Rasim Qaraca
17 Avqust 2016
Mətni dəyiş
Tanınmış və istedadlı şair Salam Sarvan iqtidarda olan Yeni Azərbaycan Partiyasına qoşulmaq qərarını açıqlayıb, “YAP-ın daxili siyasətini alternativsiz hesab etdiyini” bildirib.  Deyəsən unudub, nəinki alternativsiz, hətta analoqsuz. Elə bir siyasət ki, bu hakim partiyanın sayəsində yaradıcı insanlar səfil durumuna düşüb, ehtiyac onları ən rəzil bəyanatlar verməyə məcbur edir. YAP-a girməkdən başqa bir yol buraxılmayıb.
Yaradıcı insanın duruş gətirməsi, dözməsi, ləyaqətini saxlaması son dərəcə çətindir və mümkünsüzdür, elə həmin o YAP-ın yürütdüyü siyasətin nəticəsində bu belədir. Hə, ölkəmizdə şairlər məhv olmada azaddır, onlar taleyin ixtiyarına buraxılıblar, bütün əzab qapıları onların üzünə açıqdır. Təkcə şairlərinmi? YAP-a girmədən nə rəssam, nə bəstəkar, nə rejissor, nə aktyor, nə də müğənni ola bilərsən.
Gec də olsa Salam bunu başa düşüb, hakimiyyətin yanında yer almaq istəyir. Ən azından əməkdar incəsənət xadimi, prezident təqaüdü, allah ömür versin, gələcəkdə heç olmasa ikinci fəxri xiyabanda yer. Bunlar şairin ən təbii haqlarıdır, nədən olmasın? Nədən ayda heç olmasa 500 manat təqaüd şairin cibinə girməsin, alanlar ondan artıq deyil ki.
Axı, şair kövrək məxluqdur, xüsusən Salam kimi həssas təbiətli bir insanın indiki ədalətsiz bir ortamda yaşaması, nəfəs alması son dərəcə çətindir. Zatən şair özü on illər bundan öncə şeirlərində bu uzaqgörənliyi sərgiləmişdi: “Darıxma düzəlməyəcək…”
İndi şairin məlum bəyanatından sonra ilk ağıla gələn onun bu misrası oldu. Heç nə düzəlmədi, düzəlməyəcək, peyğəmbərcəsinə deyilmiş sözdür. Salam Sarvan gələcəyi görməyi bacarıb, daha doğrusu yaxın gələcəyi. Şairlər bəsirət sahibləridir axı, gələcəyi görmək onların xassəsidir. Daha dəqiq desək, Salam ümumən gələcəyi deyil, öz şəxsi gələcəyini görüb, bir insan ömrü qədərindəki zaman kəsiyində özünün mini peyğəmbərliyini edib. Ancaq, şairdən umulan bunlar deyildi. Ümumiyyətlə şairdən.
Özünü deyil, insanlığın və ya ən azından təmsil etdiyi millətin gələcəyini görən, düşünən, narahat olan şairləri yada salanda görürük ki, hakim partiyaya sığınmanın, onu alternativsiz hesab etmənin tarix boyu heç bir bəraəti olmayıb. Ah, şair, şair… Bir az epoxal düşünsəydin nolardı. Səni zamanın dalğalarında oynayan kiçicik bir qayıq kimi görmək necə ağırdır.
Biz səndən nə gözləyirdik, sən haralara yuvarlandın. Danko kimi ürəyini çıxarıb azmış oxucularının yoluna işıq saçmalı ikən fərarilik edib siyasi hakimiyyətə sığınırsan. Şairin inamı, gələcək haqqında yəqinliyi olmadısa, apar qaytar…
Yaxın gələcəyi görməyi bacardın, öz gələcəyini, halal olsun! “Darıxma düzəlməyəcək” dediyin insanları aldadıb, öz vəziyyətini düzəltməyə girişdin. Çox güman ki, vəziyyətin düzələcək. Topluma sırıdığın darıxma düzəlməyəcək fəlsəfəsini əlüstü konvertasiya etmək arzusuna düşdün. Peyğəmbəliyin sadəcə yolun yarısına qədər işıq saldı, yolun sonunu görmək qüdrəti səndən yan uçdu…
Salam Sarvanın bu bəyanatı təsadüfən Natiq Cəfərlinin həbsiylə eyni günə düşdü. Sanki qəsdən belə olub, biri o birini başa düşmək üçün açar rolunu oynayıb. İdeya naminə həbsi göz önünə alan, sözündən dönməyən iqtisadçı və hakim partiyaya sığınıb xalqı qayırmaq istəyən şair. Salamdan fərqli olaraq, Natiq daha bəsirətlidir, real gələcəyə inanır, zəka projektoru daha uzaqlara işıq saçır, bütün varlığıyla “darıxma, düzələcək” deyir.
Ona inananları ümidsizliyə, təslimçiliyə, acizliyə və məğlubiyyətə qapdırmır.  Əslində, Salamın bu bəyanatı min il qırılmasının kiçik çat səsləridir. Ənənvi düşüncə iflas edir və etməyə davam edəcəkdir. Salamın timsalında biz qara bayram estetikasının, əzabdan kayf tutmanın iflasını görürük. Gələcəyə hazır olun. Oğuznamədə deyildiyi kimi: “Gələcəyi gəlmiş bil!”
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun