Sadəcə din adamı olmayan Fəthullah Gülən

Sadəcə din adamı olmayan Fəthullah Gülən
5 Avqust 2016
Mətni dəyiş
Mahmud Musalı
Nurçuluğun bir qolu olaraq ortaya çıxan Gülən şəbəkəsinin yaranması 1970-ci illərə gedib çıxır. Əslən Türkiyənin Erzurum şəhərindən olan Fəthullah Gülən İzmirin mərkəzi məscidlərinin birində çoşğulu və gur səsiylə digərlərindən kəskin fərqlənən xütbələri ilə geniş kütlələr tərəfindən tanınmağa başlayır və qısa müddət ərzində xütbələri kaset şəklində əldən-ələ yayılır.
Xütbələrində Məhəmməd Peyğəmbərin qarşısında dururmuş kimi danışıq tərzi, tez-tez ağlaması, yazıq və saf görüntü yaratması hər kəsə təsir edirdi. Bütün bunlar yüzlərlə adamı öz ətrafına toplamasına kömək etmişdi. Fəthullah Gülən öz ətrafında olan adamlardan qəzet, jurnal, fond, təhsil kursları açmalarını istəyirdi.  Gülənin məktəblərində dini təhsillə bərabər, sekulyar tədrisə də önəm verilirdi, hətta bəzən dini təhsilin arxa planda qalmasına belə göz yumulurdu.
Bu, Said Nursinin digər tələbələri başda olmaqla, qatı dindarlar tərəfindən qəbul olunmasa da Gülən camaatının daha böyük kütlələrə çıxmasına geniş imkanlar yaradırdı. 90-cı illərdən etibarən “Hizmət Hərəkatı” Türkiyə sərhədlərini aşıb Afrikadan Azərbaycana qədər bütün dünyada öz şəbəkəsini yaya bildi.
Xronoloji ardıcıllığı pozub təkrar 70-ci illərə qayıtsaq, Fəthullah Gülənin fəaliyyətinin sadəcə məscid axundluğu ardından isə tədris məktəbləri, dini jurnallar çap edən bir camaat rəhbərindən ibarət olmadığını görə bilərik.
Fəthullah Gülən daha böyük hədəfləri olan, digər icmalardan kəskin şəkildə fərqlənən biri idi. Bir tərəfdə keyfiyyətli təhsil verən məktəblər, universitetlər açan, qərb ölkələrində dinlərarası dialoqdan, İslam dininin tolerant və liberal tərəfini göstərən konfranslar keçirilirdi. Çap etdikləri qazet və jurnallarda rəngli simalara yer ayıraraq hər kəsin simpatiyasını qazanmağa çalışan bir icmanı görürdük.
Digər tərəfdə isə ordudan məhkəməyə qədər dövlətin bütün qurumlarına sızan, bunun üçün leqal-illeqal bütün yollardan istifadə edən bir şəbəkə qarşımıza çıxır. Hədəf olaraq ordu, polis və məhkəmə sisteminə sızmağa çalışan icmanın qərargahının Pensilvaniyada olması, qeyri-şəffaf və heç bir etik norması olmamasının necə təhlükəli və nəzarətdən kənar olduğunu göstərir. Fəthullah Gülənin bu barədə öz dəstəkçilərinə çağırışı da diqqəçəkicidir.
“Bu açıdan Adliye'de, Mülkiye'de veya başka bir hayati müessesede bizim arkadaşlarımızın mevcudiyeti, öyle ferdi mecburiyetler şeklinde ele alınıp öyle değerlendirilmemelidir. Yani bunlar gelecek adına bizim o ünitelerde garantimizdir. İstikbale yürümek için, sistemin püf noktalarını keşfedin.” (Bu tərəfdən Ədliyyədə, Mülkiyyədə vəya başqa bir müəsisədə bizim dostlarımızın mövcudluğu, şəxsi məcburiyyət şəklində qiymətləndirilməməlidir. Yəni bunlar o qurumlarda gələcəyimiz üçün qarantiyamızdır. İstiqbala çatmaq üçün, sistemin püf nöqtələrini kəşf edin
Fəthullah Gülən hərəkatın hər iki qolunu uzun illər ayaqda saxlaya bilməsi nə qədər güclü və təhlükəli fiqur olduğunu göstərir. Bunun üçün F. Gülən əsas götürdüyü prinsiplərindən biri də “Dövlətə İtaət” anlayışı idi. Erdoğan-Gülən davasına qədər Türkiyədə və geniş fəaliyyət göstərdikləri bütün ölkələrdə bütün siyasətçilərlə yola getməsi, onlardan dəstək alması bunun ən böyük sübutlarından biri olaraq görülə bilər.
Fəthullah Gülənin bu fəaliyyətinin kölgəsində 80-ci illərin sonundan etibarən yetişdirdiyi “tələbələr” dövlətin içinə yerləşməyə başlamışdı. Bunun üçün isə ən çox istifadə olunan yollardan biri imtahan suallarının oğurlanması idi. Bu haqda, ələlxüsus polis sistemindəki fəthullahçılar barədə jurnalist Ahmet Şıkın “İmanın Ordusu” kitabında maraqlı təsbitlər var.
Həmin kitab çap olunduqdan qısa müddət sonra Gülən icmasına yaxınlığı ilə bilinən prokuror Zekeriyya Öz tərəfindən yığışdırılmış, Ahmet Şık isə Ergenekon işinə əlavə edilərək həbs olunmuşdu. Fəthullahçıların orduya sızması da 1980-ci sonundan etibarən başlayır. Bu barədə ilk dəfə 1986-cı ilin 28 dekabrında “Nokta” jurnalı “Orduya sızan dinci grup: Fethullahçılar” başlığı ilə yazmışdı.
Fəthullah Gülən öz hədəflərinə çatmaq üçün 1980-ci ildə Kenan Evren xuntasını da dəstəkləməkdən çəkinməmişdi. 12 sentyabr hərbi çevrilişinin ardından yazdığı məktubda “İşte şimdi, bin bir ümit ve sevinç içinde, asırlık bekleyişin ümit ışığı saydığımız, bu son dirilişi, son karakolun varlık ve bekasına alamet sayıyor; ümidimizin tükendiği yerde, Hızır gibi imdadımıza yetişen Mehmetçiğe bir kere daha selam duruyoruz” (İndi, min bir ümid içində və sevinc içində, bir əsrdir gözlədiyimiz, ümid işığı saydığımız bu son qurtuluşu son qalanın varlığı və yaşaması əlaməti sayırıq; ümidimizin bitdiyi yerdə, xilaskarımız olan Mehmetçiyə salam dururuq) deyə təşəkkür edirdi.
Yenə 1997-ci ildə baş verən postmodern darbe  zamanı da Fəthullah Gülən planlarının axsamaması üçün neytral qalmağı seçmişdi. “Milli Görüş” lideri Nəcməddin Erbakan  ilə Fəthullah Gülənin münasibətlərinin pozulmasının da altında bu səbəb dayanır. Türkiyədəki bir çox icmalar və siyasi islamçıların Gülənə münasibətinin birmənalı olmamasının səbəbi də budur.
Ancaq Gülən icması heç vaxt xalqla birbaşa təmasda olmadığı üçün belə məsələlərə diqqət etmirdi. Fəthullah Gülən digər dini liderlərdən fərqli olaraq milyonların sevgisini qazanmaq əvəzinə strateji yerlərdə güclü olmağı seçmişdi. Erdoğan-Gülən qarşıdurmasında gülənçilərin meydanda tək qalmasının, heç bir çevrədən dəstək ala bilməməsinin altında bu səbəblərə nəzər salmaq lazımdır.
Gülənin yüksəlişi, çöküşü və görünməyən üzünün aktiv fəaliyyətə keçməsi isə AKP höküməti dövründə yaşanır. Erdoğan höküməti Erbakandan fərqli olaraq Gülən icması ilə yaxşı münasibətlər quraraq, həm dövlət içindəki gülənçiləri atatürkçülərə qarşı özününküləşdirir, həm də gülənçilərin mediada və xaricdə lobbiçilik gücündən istifadə edirdi. Gülən icmasının iş adamlarından Akın İpekin qısa müddət ərzində media kapitanına çevrilməsi də bu ortaqlığın ən böyük meyvələrindən biri idi. Balyoz və Ergenekon məhkəmələri isə Gülən-AKP ortaqlığının zirvə nöqtələridir. Prokorur Zekeriya Özün əli ilə Türkiyədə ədalət tarixinin ən ağır travmalarından birini alır. Hökümətin də dəstəyini alan gülənçilər bütün Türkiyənin ehtiyat etdiyi gücə çevrilə bilmişdi. Recep Tayyip Erdoğanın Gülən-AKP savaşının ilk günlərində “Nə istədilər də vermədik?” deyərək əslində buna üsyan edirdi.
2013-cü ilin sonunda 17-25 dekabr əməliyyatları ilə birlikdə Gülən icması tarixində ilk dəfə “Dövlətə İtaət” lozunqundan kənara çıxaraq Erdoğan və  AKP hökümətini devirmək üçün açıq müharibə elan edir. Hərəkat bütün qolları ilə AKP hökümətinə qarşı hücuma keçir. Ancaq xalqın nəbzini və Erdoğanın liderlik gücünü hesablaya bilməyən gülənçilərin bu hücumu bütün islamçıları Erdoğan ətrafında birləşdirməkdən başqa heç bir işə yaramır. Əlbəttə, bəzi nazirlərin, hətta Erdoğanın belə, korrupsiyaya batmasının aşkara çıxmasını da gözardı etmək olmaz.
Son hərbi çevriliş isə Gülən icması üçün sonun başlanğıcı idi. 90-cı illərdən başlayaraq fərqli üsullarla ordu içinə  girməyi bacarmış “hizmet” təəssübkeşləri son olaraq “kamikadze” gedişi etməyə qərar verirlər. Bütün dövlət qurumlarından sürətlə təmizlənən, nəzarət etdikləri kapitaldan məhrum olan fəthullahçılar ordu vasitəsi ilə hərbi çevriliş etməyə çalışır və tarixi məğlubiyyətlə öz sonlarını hazırlayırlar.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun