8 Avqust 2016
Mətni dəyiş
Yaxın günlərdə "Gənclik" metrosunda bir cütlük gördüm. Aşağı düşən kimi gördüm bir kişi (hardasa 28-30 yaşlarında) bir qadının qolundan bərk sıxıb onu yana çəkdi. Hiss elədim ki, aralarında gərginlik var və kişi qadını, heç kəs görməsin və problem olmasın deyə "gözdən iraq" yerdə "cəzalandırmaq" istəyir.
Nə isə, bunlar təkliyə çəkildi, mən də elə onların yanına... Əlqərəz, kişi qadının üstünə qışqırır, qadın ətrafa baxıb insanların diqqəti onların üstündən çəkilsin deyə çarəsizcə "gülür" və dodaqaltı kişiyə nə isə deyirdi. Bu vaxt mən də tez-tez bunlara baxıram ki, yəni mənim diqqətimi çəkirsiz, heç olmasa mən baxıram deyə özünüzə əl gəzdirin.
Təbii ki, məqsədim "sakitlik" deyil, kişinin etdiyi hərəkət və səs tonu xoşuma gəlmirdi. Təbii ki, bu da şiddətdir. Ən sonda istədiyim oldu: kişi səsinin tonunu biraz da qaldırdı və qadını silkələdi. Səbr kasam dolmuşdu, yaxınlaşdım. Sərt, amma sakit bir şəkildə dedim ki, cəmiyyət içindəsiz və etika qaydalarına hörmət etmək məcburiyyətindəsiz (əlbəttə, bu ilk variantdır, cəmiyyət mənim belə ciddiyyətimdə deyil).
Kişi birbaşa tərbiyəsizlik elədi və səsini ucaldıb dedi ki, "səndən öyrənəcəm mən tərbiyəni? Get işinlə məşğul ol".
Cavabında: "Elədiyiniz hərəkət həm etika qaydalarına ziddir, həm də qadına şiddət göstərirsiz, o sizin həyat yoldaşınız olsa belə, sizin ona fiziki və mənəvi əzab verməyə hüquqi baxımdan haqqınız yoxdur, əgər davam eləsəz sizi polisə şikayət edəcəm, üstəlik tək qadına yox, iki qadına qarşı zorakılıq tətbiq etmək istədiyinizə görə" - dedim.
Cümlələr dilimdən əzbərlənmiş şeir kimi tökülürdü, gözünün içinə baxıb, şəhadət barmağımı da gözünə soxurmuş kimi xəbərdarlıq edirdim. Kişi kəkələməyə başladı, baxışındakı utanc hissini və qorxunu görməməmək mümkün deyildi. Etrafdan insanlar gəldilər. Bu dəmdə, qadın mənim əlimdən tutaraq dedi ki, bizə görə narahat olmayın, gedin. Nəticəni belə də gözləyirdim.
O qadın qorxurdu. Heç vaxt, ona qışqıran kişiyə qarşı özünü qorumamışdı, çünki belə öyrədilmişdi. Əks təqdirdə təhdid, ya da şiddət görəcəyinə inandırılmışdı. Amma anlamırdı ki, səssiz qalmaq ədalətsizliyə tərəf olmaqdır, ədalətsizliyə və vicdansızlığa baş əyməkdir - qul olmaqdır.
Qul olmağı qəbul etmənin ağır cəzaları var. O qadının bundan xəbəri yox idi. O bilmirdi ki, əslində o öyrədilənlər, ondan qorxaraq yaradılıb. Onun gücündən və sahib ola biləcəyi böyük qüvvədən qorxub, beynini boşaldıb, saman doldurublar. O, bundan xəbərsizdir. O qadın sahib olduğu gücdən xəbərsizdir. Əslində ona "qorxmamağı", "mübarizə aparmağı", "haqqını sonuna qədər istəməyi" öyrətməli idilər.
O zaman onun üzünə kim qışqıra bilərdi?! Kim əl qaldıra bilərdi?! Kim qadağa və qanun qoya bilərdi?! Bunu kim bacara bilərdi?! Cəmiyyətlər azadlıqdan, amma ən çox da azad qadından qorxur. Buna görə də ailədə qadına öyrədilən ilk cümlələr budur: "sakit ol, səsini çıxarma, qız uşağı başını aşağı salar, asta danışar, qışqırmaz".
Halbuki, qadınlar "susqunluqda" yox, meydanlarda, inqilablarda gözəldir. Qadınlar "başı aşağı" yox, başı dik, cüssəsi sərt olanda gözəldir. Qadınlar "asta" yox, qürurlu və inamlı bir tonla səsini dünyaya yayacaq şəkildə danışanda gözəldir. Şiddət görən qadının səsi çıxmır, təcavüzə uğrayan qadının səsi çıxmır, ədalətsizliklə üzləşən qadının səsi çıxmır, aldadılan qadının səsi çıxmır, haqqına girilən qadının səsi çıxmır.
Tələb və xahiş edirəm, qadınlar, cümlə qura bilmirsiniz, danışa bilmirsiniz, küfür də edə bilmirsiniz, hər sözünüzə qadağa var. O zaman qışqırın! Hər nə olursa olsun, ədalətsizliyə səssiz qalmayın. Sizə göstərilən şiddətin qamətini "qışqırıqlarınızla" sındırın.
İstəyin, haqqınızı istəyin, ədalət istəyin. Sahib olduğunuz səsin adının "Qadın" olduğunu göstərin, var olduğunuzu, gücünüzü göstərin. Əks təqdirdə siz də bir gün sizi qorumaq istəyən birinin əlini çarəsizcə tutub "narahat olma get" demək məcburiyyətində qalacaqsız. Bu arada, "İçərişəhər" istiqamətində gedən vaqonum gəldi, mindim. Başımı arxaya çevirdim, kişilərin başı qarışıq olsa da qadın hələ də arxamca baxırdı...
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.