20 Avqust 2016
Mətni dəyiş
Anar Məsimli
Müsəlman Şərqinin poeziya aşiqi olması sirr deyil. Şərqin ruhu var, şərq özü dil açıb danışa bilir. Sözünə qulaq asmasan qapaz da vurar. Amma qapazı da sevgiylə vurar. Vurub öldürər, sonra peşman olar. Üstünə yaxşı mərsiyə deyər. Bir az yaşlanandan sonra cavanlara məsləhət verər. Şərq beyni qanlı gənclik və müdrik qocanın əndrabadi birləşməsidir.
Qərbinsə ruhu yoxdur. Hamısı başdan-ayağa gönüqalındır. Qərbin hərəkətlərini düsturlarla izah etmək olar. Qərb yox deyəndə inkar edir, hə deyəndə təsdiq edir. Şərqdə "yox" və "hə" eyni sözdür. Səsindən, üzündən və şəraitdən tutmalısan ki, Şərqin qarnının ağrısı nədir. Şərqin ziyalı adamları acından ölməlidir. Şərq öz dərdini çəkmir, dünyanın dərdini çəkir. Şərqin dərdini çəkən xüsusi adamlar olmalıdır. Şərq onların başına it oyunu açmağa hazırdır. Onları qapazlayır, döyüb öldürür, ən azı rüsvay edir. Sonra onlara heykəl qoyur, onlarla fəxr edir. Peşman olur.
Əslində qələt edir, peşman zad olmur. Özünü artistliyə vurur. Nəyi də olmasa, Şərqin artistliyi külli aləmə bəllidir. Şərqin artistliyinin ən incə cəhəti də odur ki, bütün dünya onu hiyləgər kimi tanısa da, o, necəsə yeni torbalar hörə bilir. Bütün dünya da hər dəfə düşdüyü Şərq palçığına düşməkdə davam edir.
Şərq qadını qara kəfənə bükür, ardıyca da qadına verilən dəyərdən danışır. El-aləm də maymaq kimi inanır. Ancaq Şərq isti cırhacırda qaraya bürünməyi qadınların azad seçimi kimi təqdim edə bilər. Arvadın birini bir köpükdən alıb evə atsın, təpiyinin altına salsın, sonra da ana deyib ağlasın. Geylər Şərqdə, pedofillər Şərqdə, çoxarvadlılar Şərqdə, mənəviyyatsız eşşəklər isə Qərbdə. Şərq eyiblərini ört-basdır etməyin, bu alınmayanda at kimi üzə durmağın mücəssəməsidir.
Şərqin poeziyası da əslində mümkün olan, amma öz yaratdığı şərait ucbatından tamamilə qeyri-mümkün olan eşq üstündə qurulub. Şərqdə aşiqin naləsi dağları yarıb onu yarına qovuşdurur, amma bir kopoyoğlu da demir ki, həqiqətdə ol yarın var-yoxu gəlib aşiqin fəryadını ərşə dirəyər. Qərbin maymaqlığı Şərqi öz metri ilə ölçməyidir. Şərqi gərək arşınla ölçəsən.
Qərb Şərqin üstünə faktlarla, statistika ilə gəlir. Qərb bilmir ki, Şərqin ağzını asfalta sürtsən də məğlub olduğunu boynuna almaz. Şərq həm zəifdir, həm dikbaş. Gətirib Şərqin qarşısına statistika qoysan ki, homoseksuallar faiz nisbətilə Hollandiyadan daha çoxdur, Şərq bunu vecinə də almaz. Şərqi gərək sındırasan. Gərək Şərqin üzünə çırpasan ki, sən saxtakarlığın diyarısan. Gərək Şərqə lağ edəsən, damarını sıxasan, iynələyəsən.
Əslində Qərbin ruhu da var, hissi də var. Qərbin ağır rokunda incə harmoniyanı duymaq olur. Qərb daxili gözəlliyi sevməyi təlqin edir. Qərbin maymaqlığı onun ruhunun olmağına dəlalət edir. Qərb özünü tənqid edə bilir və tənqiddən nəticə çıxara bilir. Qərbə çox zaman izah etmək bəs edir. Şərqə isə… Şərqə qandırmaq olmur. Şərqə fakt girmir. Kor kimi tutduğundan yapışandır. Eqoistdir. Hər gözəl şeyi adına çıxır. Öz eyibinə kor olur. Şərqilər diyarında hislərə toxunan sözlər, faktlara əsaslanan arqumentlərdən daha ciddi qəbul edilir.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.