16 Avqust 2016
Mətni dəyiş
Vüqar Salamlı
ABŞ konqresində 1955-1995 illər ərzində fasiləsiz olaraq çoxluq demokratların əlində idi. Demokratlar o qədər güclü idilər ki, bəzi illər konqresdəki nümayəndələri az qala 70 faizə çatırdı. Reyqanın ölkə üzrə böyük üstünlüklə prezident seçilməsi belə demokratların konqresdəki çoxluğuna mane ola bilmədi.
Respublikaçılar bu vəziyyətdən o qədər bezmişdilər ki, partiyada ciddi dəyişikliklər etməyə, eksperimentlərə getməyə razı idilər. Beləliklə 1994-cü il aralıq seçkiləri zamanı Newt Gingrich və Dick Armey’in rəhbərliyi ilə respublikaçılar “Contract with America” adlı bir sənəd hazırlayırlar.
Bu sənəd partiyanın gələcəyə yönəlmiş platforması idi. Bu iki səhifəlik sənədin lüğəti, səmimi dili, sadəliyi o qədər güclü idi ki, çox qısa zamanda ABŞ-ın hər bir tərəfində danışılmağa başlayır. Nəticədə respublikaçılar 40 ildən sonra ilk dəfə konqresdə üstünlüyü qazana bildilər (Gingrich spiker, Armey çoxluq lideri seçilir). O zamandan bəri respublikaçılar qısa bir vaxt kəsimini saymasaq (2009-2013) bu üstünlüyü əldən verməyiblər.
Həmin sənəd ABŞ siyasi tarixinin vacib nümunələrindən biri hesab edilir. Bununla bərabər, həmin sənəd konqresi respublikaçılara qaytarmasından əlavə, həm də demokratlarla respublikaçılar arasında lüğət davasına start verdi. Həmin dövrdən bəri hər iki partiya intensiv şəkildə öz mənafeyinə uyğun siyasəti xoş sözlərlə, uyğun olmayanı isə neqativ sözlərlə təsvir etməyə başladılar.
Nümunələr bunlardır:
- Respublikaçılar "qeyri-qanuni əcnəbilər" (illegal aliens) ifadəsini işlətdikləri halda, demokratlar eyni kateqoriyaya aid insanaları "immiqrantlar", ya da "sənədsiz işçilər" (undocumented workers) adlandırır;
- Dəyəri 5 milyondan çox əmlakın yiyəsinin ölümü səbəbi ilə başqasına keçirilməsi zamanı tədbiq olunan vergiyə demokratlar "əmlak verigisi" (estate tax) adlandırdıqları halda, respublikaçılar "ölüm vergisi" (death tax) deyir;
- Səhiyyə ilə bağlı siyasətlərinə demokratlar "hərtərəfli tibbi islahatlar" (comprehensive health reform) deyir. Respublikaçılar isə bunu "səhiyyə sisteminin Vaşinqtonun nəzarətinə keçməsi" (Washington takeover of health care) adlandırır;
- Respublikaçılar vergi siyasətlərini sadəcə "vergi islahatı" (tax reform) adlandırdıqları halda, demokratlar buna "zənginlər üçün vergi güzəştləri" (tax breaks for the wealthy) deyir;
- Abortlarla bağlı mövqelərini demokratlar "pro-choice" (seçim lehinə), respublikaçılar isə "pro-life" (həyat lehinə) adlandırır;
- Demokratlar silah satışını məhdudlaşdırmaq siyasətlərini "silaha nəzarət" (gun contol) adlandırdıqları halda, respublikaçılar buna "konstitusiyanın ikinci düzəlişinin pozulması" (second amendment violation) deyir.
Bu cür nümunələr çoxdur. Son zamanlar isə ən çox danışılan siyasi lüğət fərqi nümunələrindən biri terrorizmə aiddir. Respublikaçıların açıq şəkildə "radical Islamic terrorism" dedikərləri halda, demokratlar "terrorizm" və "İslam" sözlərini yan-yana istifadəsinin qəti şəkildə qarşıdırlar.
P.S. Obamanın baş spiçrayteri dərsimizə gələndə ona bu barədə sual vermişdik. Dedi ki, məsələnin mənəvi tərəfi qalsın bir qırağa (terrorizmin dini və milliyəti olmur) bu sırf siyasi tərəfdən onların (ABŞ hökümətinin) ehtiyatlı olmalı olduğu məqamdır. Belə ki, İŞİD və onun kimi digər təşkilatlar ABŞ tərəfindən "İslam" və "terror" sözlərinin yan-yana istifadə etməsini istəyir ki, bu terrorist təşkilatlar daha çox müsəlmanı öz sıralarına cəlb edə bilsinlər. Bu qədər sadə.