REAl-ı gözü götürməyən Siyavuş müəllim - Elçin Mahmud

REAl-ı gözü götürməyən Siyavuş müəllim - Elçin Mahmud
24 Avqust 2016
Mətni dəyiş
Elçin Mahmud
Keçmiş idman müəllimi, hal-hazırda hüquqşünas (???) olan, Milli Məclisin daimi “sakini”, üç cümləni ard-arda qoşa bilmədiyindən yazılı müsahibələrə üstünlük verən, Əfqanıstan döyüşlərinin fəal iştirakçısı (vikipediyada özü haqda belə yazıb), əsl ideoloq, səmimi YAP-çı Siyavuş Novruzov REAL Hərəkatının imza toplama kampaniyasından imtina etməsinə münasibət bildirib.
Humanitar sahə üzrə təhsil aldığından riyaziyyatı zəif olan Siyavuş müəllim (adam bilmir ona müəllim desin, yoxsa hüquqşunas) qeyd edib ki, REAL-ın hamısını bir yerə yığanda 30 nəfərdir. Halbuki, təkcə İdarə Heyəti (11 nəfər), Məclis sədrləri və müavinlərinin ümumi sayı güləş üzrə SSRİ çempionunun (vikipediayda belə yazılıb) qeyd etdiyi rəqəmdən təxminən üç dəfə çoxdur. Bəli, REAl-ın üzvlərinin ümumi sayı (rəsmi) YAP-dan lap 500 dəfə az ola bilər. Axı bu qədər üzv heç REAl-ın hədəfində də deyil axı.
Səhvən siyasətçi olmuş mahir gülüş ustası Siyavuş müəllim bildirib ki, REAL-çıların işi kompyuter arxasında oturmaqdır və heç bilinmir ki, onlar özləri yazır, yoxsa ata-anaları. Adam bilmir bu fikrə, gülsün, yoxsa ağlasın. Özləri hazır mətnləri, çıxışları, məqalələri, sualları müxtəlif tədbir və konfranslarda üzvlərinin qarşısına hazır qoyub üzündən oxutmağa öyrəşiblər, hələ utanmayıb başqalarına böhtan da atırlar.
Siyavuş müəllim fəxrlə əlavə edir ki, YAP-dan başqa ətrafına on minlərlə adam yığan ikinci təşkilat yoxdur. Bəli, heç özü də bilmədən etiraf edir; ətrafına yığan, yığışan yox. Düzü, sinəsində, tumanında seçki bülleteni gizlədən on minlərlə müəllim ordusunun, seçkilərin saxtalaşdırılmasında daima canla-başla çalışan həkim ordusunun, təhsildən, elmdən başqa hər şeyə maraq göstərən, hətta qiymət xətrinə “cib” müxalifət pariyalarının mitinqlərində iştirak edən, işi-peşəsi lağlağıdan ibarət olan minlərlə tələbə-gənclərin REAL-a üzv olmasına bu təşkilatın axı nə ehtiyacı var?
Siyavuş Novruzov hətta İlqar Məmmədova da söz atıb, onun arxasında üç adamın durduğunu söyləyib. Elə isə, qanunsuz olaraq həbs etdiyiniz İlqar Məmmədovu niyə 3 il yarımdır girovluqdan azad etmirsiz? Üç adam deyərək sətiraltı işarə etdiyiniz Natiq Cəfərlini nə üçün həbs etdiniz? REAL-ı dərnək adlandırırsız, bəs o zaman 200 min flayrı niyə müsadirə etmisiniz? Ətrafınızda 700 min insan varsa, niyə əl boyda flayrdan çəkinirsiniz?
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun