13 Avqust 2016
Mətni dəyiş
Elçin Mahmud
Bir gün yuxudan dururuq, səhər yeməyini yeyib növbəti günə başlayırıq və sosial şəbəkələrdə Şabrandan təyin edilmiş deputat Tahir Süleymanovun əzəmətli sarayının videosu az qalır gözümüzə girsin. Doğrudur, nazirlərimizin, deputatlarımızın, məmurlarımızın bir-birindən dəbdəbəli villalara sahib olduqları bizim üçün yeni söhbət deyil. Lakin yüz eşitməkdənsə, bir dəfə görmək insanı istər-istəməz özündən çıxarır. Əsəbləşirik, heyrətlənirik, tənqid edirik, gileylənirik, şikayətlənirik, hətta bəzilərimiz söyürük, təhqir edirik...
Rəsmi dairələrdən bu məsələyə sərt münasibət gözləyirik... Və bu anda, 68 yaşlı deputatımız açıqlama verir ki, “adamın evi olar da, 50-60 ildir çalışıram, məgər mənim evim olmamalıdır?” 8-10 yaşından əmək fəaliyyətinə başlamış azərbaycanlı müsəlman deputatımız, pardon, hökumət vəkilimiz ev deyəndə, saray, imarət nəzərdə tutur.
Necə də sadə adam imiş, xəbərimiz yoxdur. Bir sözlə, damarlarından müsəlman qanı (??) axan Tahir kişi, “ev”ini qanunsuz (sahibkarlıqla məşğul olduğu) pullarla deyil, aylıq halal maaşı ilə tikdirdiyini iddia edir...
3-4 gün əvvəl Azərbaycan prezidenti “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışında iştirak edir. Amma az sonra “facebook” sosial şəbəkəsində həmin otelin səhifəsinin 2015-ci ilin yayında otaqları və qiymətləri ilə bağlı tədim etdikləri elan paylaşılır. Bu o anlama gəlir ki, otel 1 il 2 ay imiş ki, qanunsuz fəaliyyət göstərib. Yenə öyrəşdiyimiz hal baş verir, heç bir münasibət, açıqlama olmur...
Və dünən gecə... Saat 23:00 radələrində maşınından düşüb evinə getmək istəyərkən REAL-ın İcra Katibi Natiq Cəfərli polislər tərəfindən saxlanılaraq ailəsinə və yaxınlarına heç bir məlumat verilmədən prokurorluğa aparılır. 2 saatın içərisində məhkəməfasonu keçirilir, evində axtarış aparılır, polislər tərifindən həyat yoldaşına məxsus qızıl-zinyət əşyaları, övladının netbuku götürülür. Ən absurd hal isə ittiham olunduğu maddədir: qanunsuz sahibkarlıq.
Bəli, Natiq Cəfərli sahibkarlıqla məşğul olub, lakin 1996-2005-ci illərdə. Düz 11 il sonra gecə radələrində prezident və onun komandası Natiq bəyin “qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğunu” müəyyən etdilər və “qaçıb evində gizlənmək istəyərkən” onu həbs etməyi bacardılar...
Yuxarıdakı ilk iki söhbətdən sonra, hakimiyyət “qanunsuz sahibkarlıq”la kimin məşğul olduğunu nəhayət tapa bildilər. Lakin bunun “hekayəsini” hələ də quraşdıra bilmədiklərindən, susmağa üstünlük veriblər...